Elnur Məmmədov ABŞ-nin Yuta və Kaliforniya ştatlarına səfər edib

Elnur Məmmədov ABŞ-nin Yuta və Kaliforniya ştatlarına səfər edib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov 7-9 iyul tarixlərində ABŞ-nin Yuta və Kaliforniya ştatlarında işgüzar səfərdə olub.

SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, səfər zamanı Yuta ştatının siyasi, təhsil və biznes liderləri, o cümlədən texnologiya şirkətləri ilə görüşlər keçirilib.

Yuta ştatına səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Yuta ştatı Senatının prezidenti Stüart Adams, "İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi"nin "Yetmiş Həvari Kvorumu"nun üzvü Cek Gerard, Yuta Universitetinin prezidenti Teylor Randal, Stirlinq Fondunun prezidenti Mayls Hansen ilə işçi görüşlər keçirib və mümkün praktiki əməkdaşlıq məsələlərini müzakirə edib.

Həmçinin, E.Məmmədov Yuta Ümumdünya Ticarət Mərkəzində Yuta Qubernator ofisinin Ticarət və Beynəlxalq Əməkdaşlıq üzrə Direktoru Franz Kolb, bu mərkəzin icraçı direktoru Conatan Fridmanın təşkilatçılığı ilə Yuta ştatının biznes və texnologiya şirkətləri üçün Azərbaycanın strateji rolu və biznes imkanları barədə çıxış edib.

Kaliforniya ştatına işgüzar səfər çərçivəsində nazir müavini Elnur Məmmədov "Nvidia" şirkətinin mənzil qərargahında şirkətin Beynəlxalq və Hökumətlərlə Əməkdaşlıq üzrə vitse-prezidenti Ned Finkl ilə görüş keçirib və mümkün əməkdaşlıq məsələlərini müzakirə edib. Bundan əlavə, E.Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti "Nvidia" şirkətində süni intellektin dövlət idarəçiliyində əhəmiyyəti, rəqəmsal transformasiyanın vətəndaş xidmətlərinə təsiri və innovativ yeniliklərin tətbiqi imkanları ilə tanış olub.

Bununla yanaşı, San Xose şəhərinin "Süni İntellekt" Mərkəzində şəhər idarəçiliyi və vətəndaş xidmətlərində Azərbaycanın və adıçəkilən şəhərin göstərdiyi xidmətlər haqqında məlumat mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə