Milli Məclis Hesablama Palatasının səlahiyyətlərini genişləndirən dəyişiklikləri qəbul edib

Milli Məclis Hesablama Palatasının səlahiyyətlərini genişləndirən dəyişiklikləri qəbul edib

“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında üçüncü oxunuşda qəbul edilib.

SİA xəbər verir ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərinə uyğun olaraq hazırlanıb.

Layihəyə əsasən, “Büdcə sistemi haqqında” Qanuna əlavə edilən yeni müddəaya görə, Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Qanuna uyğun olaraq Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsi və icrası, eləcə də bununla bağlı qanun layihələri və illik hesabatlar üzrə rəy verəcək.

Dəyişikliklər “Sığorta fəaliyyəti haqqında” Qanunda da öz əksini tapıb. Belə ki, Hesablama Palatasının qanunla müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi məqsədilə ona sığorta məlumatlarının təqdim olunması hüquqi əsaslarla təmin edilir.

Bundan başqa, “Hesablama Palatası haqqında” Qanuna edilən dəyişikliklərlə qurumun səlahiyyətləri genişləndirilir, Naxçıvan Muxtar Respublikası büdcəsi üzrə audit və rəyvermə funksiyaları dəqiqləşdirilir, dövlət auditi ilə bağlı informasiya sistemindən istifadə, sığorta məlumatlarına çıxış və digər fəaliyyət istiqamətləri hüquqi baxımdan tənzimlənir. Eyni zamanda, Hesablama Palatasının üzvlərinin dövlət auditoru hesab edilməsi də qanunda öz əksini tapır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə