“ABŞ-Azərbaycan münasibətlərində yeni strateji mərhələnin əsası qoyulur” - DEPUTAT

“ABŞ-Azərbaycan münasibətlərində yeni strateji mərhələnin əsası qoyulur” - DEPUTAT

Beləliklə, ABŞ-Azərbaycan münasibətlərində yaranan yeni mərhələ qarşılıqlı maraqlara əsaslanan daha geniş strateji əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırır.

"Donald Trampın ikinci dəfə ABŞ prezidenti seçilməsindən sonra ABŞ–Azərbaycan münasibətlərində yeni dinamikanın yarandığı müşahidə olunur" . Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc bildirib.

Onun sözlərinə görə, bu dəyişikliklərin əsasını isə Prezident İlham Əliyev tərəfindən uzun illər ərzində Qərb dövlətləri, xüsusilə ABŞ ilə yüksək səviyyəli strateji münasibətlərin qurulması istiqamətində atılmış ardıcıl addımlar təşkil edir:

"Azərbaycan regional təhlükəsizlik və beynəlxalq sülhün təmin olunması məsələlərində ABŞ-ın qlobal təşəbbüslərinə daim dəstək verən tərəfdaşlardan biri olub. Eyni zamanda, ölkəmiz regional iqtisadi və logistika əlaqələrinin genişləndirilməsi, eləcə də enerji resurslarının Avropa bazarına çıxarılması istiqamətində mühüm rol oynayıb. Bu siyasətin əsası 1990-cı illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin rəhbərliyi dövründə uğurla davam etdirilib.

Bununla yanaşı, Obama və Bayden administrasiyaları dövründə ABŞ-Azərbaycan münasibətlərində müəyyən gərginliklər müşahidə olunub. Azərbaycan tərəfi hesab edir ki, həmin dövrdə ABŞ Konqresi, Dövlət Departamenti və ABŞ-da fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları tərəfindən ölkəmizə qarşı sistemli təzyiq kampaniyaları aparılıb. Xüsusilə, Xankəndi əməliyyatından sonra Azərbaycana qarşı müxtəlif siyasi təzyiq cəhdlərinin göstərildiyi vurğulanır.

Həmin dövrdə Azərbaycan sülh danışıqlarında ABŞ-ın moderatorluq roluna önəm versə də, Vaşinqtonda xarici işlər nazirlərinin uzunmüddətli görüşlərinə baxmayaraq, nəzərəçarpacaq nəticələr əldə olunmamışdı.

Donald Trampın ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə münasibətlərdə köklü dəyişikliklərin baş verdiyi qeyd olunur. İlk növbədə, USAID və digər xarici təsir mexanizmlərinin fəaliyyətinin məhdudlaşdırılması Azərbaycana qarşı xarici təzyiq vasitələrinin zəiflədilməsi kimi qiymətləndirilir. Bu, Azərbaycan tərəfinin uzun illərdir səsləndirdiyi mövqeyin nəzərə alınması baxımından mühüm hadisə hesab olunur.

Trampın Prezident İlham Əliyevə ünvanladığı hörmət və ehtiram ifadələri də münasibətlərdə yeni siyasi atmosferin formalaşdığını göstərən amillərdən biri kimi dəyərləndirilir. Bundan əlavə, strateji təhlükəsizlik xartiyasının imzalanması istiqamətində atılan addımlar, eləcə də ABŞ rəsmilərinin regiona səfərləri Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş olduğunu bir daha təsdiqləyir.

Bu kontekstdə Azadlığa Dəstək Aktının 907-ci düzəlişi ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi də xüsusi əhəmiyyət daşıyır. 907-ci düzəlişin hüquqi qüvvəsinin dayandırılması Azərbaycan üçün mühüm siyasi və diplomatik nailiyyət kimi qiymətləndirilə bilər.

Hazırda tərəflər arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün yeni yol xəritəsinin formalaşdığı görünür. Bu əməkdaşlıq çərçivəsində transmilli layihələr, logistika imkanlarının genişləndirilməsi, regional kommunikasiyaların açılması və sülh prosesinə dəstək məsələləri ön plana çıxır. Xüsusilə Zəngəzur dəhlizi istiqamətində kommunikasiyaların açılması regional iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından mühüm perspektivlər yaradır.

Beləliklə, ABŞ-Azərbaycan münasibətlərində yaranan yeni mərhələ qarşılıqlı maraqlara əsaslanan daha geniş strateji əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırır".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə