“Bu gün əmək bazarında münasibətlər sürətlə inkişaf edir" -ELŞAD MƏMMƏDOV

“Bu gün əmək bazarında münasibətlər sürətlə inkişaf edir" -ELŞAD MƏMMƏDOV

"Bu gün əmək bazarı üzrə terminlərin izahlı lüğətinin təqdimatında iştirak etdik. Hesab edirəm ki, bu lüğətin hazırlanması əmək bazarının inkişafına mühüm töhfədir" .

SİA xəbər verir ki, bu sözləri Nazirlik yanında İctimai şuranın sədri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, bu münasibətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini və nazirliyin tabeliyində fəaliyyət göstərən Milli Observatoriyanı təbrik edirəm:

“Düşünürəm ki, bu lüğətin hazırlanmasına və əmək bazarının iştirakçılarına təqdim olunmasına ciddi ehtiyac var idi. Xüsusilə dövlət qurumlarında və özəl sektorda insan resursları sahəsində çalışan mütəxəssislər üçün bu vəsait gündəlik istifadə olunan əsas mənbələrdən birinə çevriləcək.

Bu gün əmək bazarında münasibətlər sürətlə inkişaf edir, sahədə ciddi dəyişikliklər baş verir. Təbii ki, bu istiqamətdə çalışan mütəxəssislər həmin prosesləri dərindən mənimsəməli, yeni anlayış və terminləri düzgün tətbiq etməlidirlər. Hesab edirəm ki, bu lüğət məhz həmin ehtiyacı qarşılayan etibarlı baza rolunu oynayacaq. Bu, həm əmək münasibətlərinin daha səmərəli tənzimlənməsi, həm də peşəkar fəaliyyət baxımından olduqca vacibdir.

Lüğət vətəndaşlar üçün də böyük əhəmiyyət daşıyır. Əmək münasibətləri zamanı qarşıya çıxan anlayışların və terminlərin aydın izahı insanların hüquq və vəzifələrini daha yaxşı başa düşməsinə kömək edəcək.

Bu dəyərli vəsaiti hazırlayan müəllif heyətinə və layihədə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Eyni zamanda, əmək bazarında çağırışların sürətlə dəyişdiyini nəzərə alaraq, bu lüğətin də daim yenilənməsi və təkmilləşdirilməsi vacibdir. Təqdimat zamanı Milli Observatoriyanın rəhbərliyi də bu məsələyə müsbət yanaşaraq bildirdi ki, bu, davamlı bir prosesdir və gələcək nəşrlər daha da zənginləşdirilməlidir.

İnanırıq ki, bu gün təqdim olunan izahlı lüğət əmək bazarının inkişafına mühüm töhfə verəcək və gələcəkdə daha da təkmilləşdirilərək öz aktuallığını qoruyacaq.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə