"107 illik yol göstərir ki, güclü diplomatiya güclü dövlətin ayrılmaz tərkib hissəsidir" - POLİTOLOQ

"107 illik yol göstərir ki, güclü diplomatiya güclü dövlətin ayrılmaz tərkib hissəsidir" - POLİTOLOQ

"Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasının 107-ci ildönümü təkcə peşə bayramı deyil, həm də dövlətçilik tariximizin mühüm mərhələsinin xatırlanmasıdır. 1919-cu ildə əsası qoyulan milli diplomatiya ənənəsi bu gün müstəqil Azərbaycanın xarici siyasət kursunda daha da güclənərək qlobal miqyasda özünü təsdiqləyib".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, son illərdə ölkəmizin balanslı və praqmatik diplomatiyası sayəsində Azərbaycan Cənubi Qafqazın əsas siyasi aktoruna çevrilib, regional təhlükəsizlik, enerji, nəqliyyat və beynəlxalq əməkdaşlıq məsələlərində söz sahibi olan dövlət kimi mövqeyini möhkəmləndirib:

"Müasir dövrdə Azərbaycan diplomatiyası yalnız dövlətlərarası münasibətlərin inkişafı ilə kifayətlənmir, eyni zamanda milli maraqların qətiyyətlə müdafiəsi, postmünaqişə dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması və ölkənin artan geosiyasi əhəmiyyətinin düzgün təqdim olunması istiqamətində mühüm fəaliyyət göstərir. Xüsusilə suverenliyin tam bərpasından sonra formalaşan yeni regional reallıqlar Azərbaycanın diplomatik imkanlarını daha da genişləndirib.

107 illik yol göstərir ki, güclü diplomatiya güclü dövlətin ayrılmaz tərkib hissəsidir. Tarixi təcrübə, peşəkar diplomatik kadrlar və milli maraqlara əsaslanan ardıcıl xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırmağa davam edir. Bu əlamətdar tarix münasibətilə diplomatik xidmət orqanlarının bütün əməkdaşlarını təbrik edir, onların ölkəmizin milli maraqlarının qorunması və beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətinə uğurlar arzulayıram".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə