"151 illik milli mətbuatımız bu gün də inkişafını uğurla davam etdirir" - DEPUTAT DANIŞDI
"Əminliklə demək olar ki, hər bir xalqın mədəni kamilliyinin, siyasi oyanışının və ictimai inkişafının əsas göstəricilərindən biri onun mətbuat tarixidir. Bu baxımdan Azərbaycan milli mətbuatı xüsusi yer tutur. Bu il milli mətbuatımızın 151 illiyi qeyd olunur. Bu tarix sadəcə bir yubiley deyil, xalqımızın fikir tarixinin, milli oyanışının və mənəvi dirçəlişinin ən parlaq səhifələrindən biridir".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputati Azər Allahverənov deyib.

Onun sözlərinə görə, milli mətbuatımız ötən əsrlər ərzində çox ağır sınaqlardan keçib. Müharibələr, inqilablar, azadlıq uğrunda mübarizə və müxtəlif siyasi mərhələlər Azərbaycan mətbuatının fəaliyyətinə ciddi təsir göstərib. Lakin bütün bu çətinliklərə baxmayaraq, mətbuat hər zaman xalqın maariflənməsi, milli şüurun formalaşması və həqiqətlərin cəmiyyətə çatdırılması missiyasını layiqincə yerinə yetirib:
"Azərbaycan mətbuatının qarşısında duran ən mühüm vəzifələrdən biri xalqın maariflənməsinə xidmət etmək, milli-mənəvi dəyərləri təbliğ etmək və cəmiyyətdə sağlam ictimai fikir formalaşdırmaq olub. Bu, çox şərəfli və məsuliyyətli bir missiyadır. Hər xalq belə bir maarifçilik ənənəsinə malik deyil. Azərbaycan isə bu baxımdan zəngin irsə sahibdir və bununla haqlı olaraq fəxr edə bilər.
Bu yolun banisi böyük maarifçi və görkəmli ziyalı Həsən bəy Zərdabi olmuşdur. Onun yaratdığı ənənə sonrakı nəsil ziyalılar tərəfindən uğurla davam etdirildi. Məhz bu fəaliyyət nəticəsində Azərbaycanda savadlı, intellektual və milli düşüncəyə malik ziyalı təbəqəsinin formalaşmasına ciddi töhfə verildi. Bu, öz dövrü üçün böyük ictimai və mənəvi əhəmiyyət daşıyan bir proses idi.
Azərbaycan milli mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri də xüsusi qeyd edilməlidir. Onun mətbuata göstərdiyi diqqət və qayğı, xüsusilə 1998-ci ildə senzuranın ləğv edilməsi barədə qəbul etdiyi qərar ölkəmizdə söz və mətbuat azadlığının inkişafı baxımından mühüm tarixi hadisə idi. Bu addım həmin dövr üçün olduqca cəsarətli qərar hesab olunurdu. Heydər Əliyev mətbuat nümayəndələri ilə mütəmadi görüşür, onların fəaliyyətini yaxından izləyir, tövsiyələrini verir və milli mətbuatın sağlam inkişafına xüsusi önəm göstərirdi.
Bu siyasi xətt sonrakı dövrdə də uğurla davam etdirildi. Prezident İlham Əliyev tərəfindən milli mətbuatın inkişafına, informasiya siyasətinin müasir tələblərə uyğun qurulmasına, media institutlarının gücləndirilməsinə və jurnalistlərin fəaliyyətinin dəstəklənməsinə yönəlmiş ardıcıl addımlar atıldı.
Sonrakı dövrdə də Azərbaycanda mətbuata dövlət qayğısının ardıcıl şəkildə davam etdirildiyini görürük. Mətbuat nümayəndələrinə xüsusi diqqətin göstərilməsi, onların peşəkarlığının artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə jurnalistlər üçün yaşayış binalarının inşa edilməsi və mənzillərin təqdim olunması bu sahəyə göstərilən diqqətin bariz nümunələrindəndir.
Bununla yanaşı, Media İnkişaf Agentliyinin yaradılması, media haqqında qanunun qəbul edilməsi və media mühitinin müasir tələblərə uyğun təkmilləşdirilməsi ölkədə peşəkar, məsuliyyətli və milli maraqlara xidmət edən mətbuatın formalaşmasına mühüm töhfə verib. Bu addımlar milli medianın daha güclü instituta çevrilməsinə və fəaliyyətini müasir çağırışlara uyğun qurmasına xidmət edir.
Bu gün Azərbaycan milli mətbuatı artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə medianın üzərinə daha böyük məsuliyyət düşür. Operativliklə yanaşı, peşəkarlıq, obyektivlik və milli maraqların qorunması müasir jurnalistikanın əsas prinsipləri olaraq qalır.
Şübhəsiz ki, bu siyasi dəstək Azərbaycan mətbuatının son illərdə qazandığı uğurların əsas amillərindən biridir. Mətbuat hər zaman cəmiyyətin vicdanı kimi çıxış edib, dövlətçilik maraqlarının qorunmasına, ictimai rəyin formalaşmasına və həqiqətlərin cəmiyyətə çatdırılmasına mühüm töhfə verib.
44 günlük Vətən müharibəsi və sonrakı dövrdə aparılan informasiya mübarizəsi bunu bir daha sübut etdi. Azərbaycan jurnalistləri informasiya cəbhəsində böyük fədakarlıq göstərərək ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əzmlə çalışdılar. Müxtəlif informasiya təzyiqlərinə, qərəzli kampaniyalara və süni maneələrə baxmayaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında milli medianın mühüm rolu oldu.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş, sözü və imzası etibar doğuran dövlət kimi tanınmasında, əlbəttə ki, uğurlu diplomatiya ilə yanaşı, milli mətbuatın da əhəmiyyətli payı vardır.
Əminəm ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan maarifçilik ənənəsi bundan sonra da yaşayacaq, inkişaf edəcək və heç zaman öz aktuallığını itirməyəcək.
Fürsətdən istifadə edərək media sahəsində çalışan bütün həmkarlarımı 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq nailiyyətləri və daim həqiqətə xidmət etməyi arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB