“Rəqəmsallaşma dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən strateji inkişaf modelidir” - DEPUTAT DANIŞDI

“Rəqəmsallaşma dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən strateji inkişaf modelidir” - DEPUTAT DANIŞDI

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkənin rəqəmsal transformasiya siyasətində yeni mərhələnin başlandığını göstərir”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, bu iclas göstərdi ki, Azərbaycan rəqəmsal transformasiyanı iqtisadi inkişafın, innovasiyanın və səmərəli dövlət idarəçiliyinin əsas dayaqlarından biri kimi müəyyənləşdirib:

”Qarşıdakı illərdə bu strategiyanın uğuru dövlət qurumlarının koordinasiyalı fəaliyyəti, müasir texnologiyaların geniş tətbiqi və insan kapitalının inkişafı ilə birbaşa bağlı olacaq.
İclasda səsləndirilən fikirlər dövlət idarəçiliyinin müasirləşdirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və kibertəhlükəsizlik sahəsində qarşıdakı dövrün əsas istiqamətlərini müəyyənləşdirir.
Mehriban xanım Əliyeva çıxışında vurğuladı ki, Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, vahid yanaşma formalaşdırmaq və qəbul olunan qərarların səmərəli icrasını təmin etməkdir. Bu yanaşma göstərir ki, rəqəmsallaşma dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən strateji inkişaf modelidir.

"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" fikri texnoloji dəyişikliklərin sürətini və Azərbaycanın bu prosesdə fəal iştirak etmək niyyətini göstərir. Eyni zamanda, Birinci vitse-prezident süni intellektlə yanaşı, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yaranan yeni risklərə hazır olmağın vacibliyini xüsusi qeyd etdi. Bu yanaşma innovasiya ilə təhlükəsizlik arasında balansın qorunmasının dövlət siyasətinin əsas prinsiplərindən biri olduğunu təsdiqləyir.
Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi xüsusilə vacibdir. Bununla belə bütün qərarların Azərbaycanın milli maraqlarına və ehtiyaclarına uyğun qəbul edilməsinin əsas şərtdir. Mehriban xanımın da söylədiyi kimi, ölkəmizdə rəqəmsal inkişaf strategiyası da milli prioritetlər əsasında həyata keçiriləcək. Məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir.
İclas zamanı təqdim olunan məlumatlar da qarşıya qoyulan hədəflərin praktik icrasına başlanıldığını göstərdi. Məlum oldu ki, 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüs həyata keçiriləcək, dövlət informasiya sistemlərinin inteqrasiyası və elektron xidmətlərin genişləndirilməsi davam etdiriləcək”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə