"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi Azərbaycanda rəqəmsal transformasiya siyasətinin institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu addım göstərir ki, rəqəmsallaşma artıq dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks dövlət siyasətinin əsas elementlərindən birinə çevrilib:
"Rəqəmsal İnkişaf Şurasının yüksək səviyyədə fəaliyyətə başlaması bu sahəyə strateji yanaşmanın göstəricisidir. Müasir dünyada rəqəmsal texnologiyalar iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Süni intellekt, bulud texnologiyaları, rəqəmsal hökumət platformaları və kibertəhlükəsizlik həlləri artıq dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən başlıca amillər sırasındadır. Bu baxımdan Şuranın fəaliyyətə başlaması müxtəlif dövlət qurumlarının rəqəmsallaşma istiqamətində həyata keçirdiyi layihələrin vahid koordinasiya çərçivəsində həyata keçirilməsinə, resursların daha səmərəli istifadəsinə və strateji qərarların çevik qəbuluna şərait yarada bilər.
Azərbaycan son illərdə elektron hökumət xidmətlərinin genişləndirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, innovasiya ekosisteminin inkişafı və informasiya-kommunikasiya texnologiyalarına yatırımların artırılması istiqamətində mühüm addımlar atıb. Bununla yanaşı, rəqəmsal transformasiya yeni çağırışlar da yaradır. Müxtəlif qurumlar arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi, vahid rəqəmsal standartların tətbiqi, şəxsi məlumatların mühafizəsi və kibertəhlükəsizlik məsələləri koordinasiyalı yanaşma tələb edir. Rəqəmsal İnkişaf Şurası məhz bu istiqamətlərdə dövlət siyasətinin vahid platforma üzərindən həyata keçirilməsinə töhfə verə biləcək mexanizm kimi çıxış edə bilər.
İqtisadi baxımdan da bu təşəbbüs xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsallaşmanın dərinləşdirilməsi sahibkarlıq mühitinin daha şəffaf və əlverişli olmasına, investisiya cəlbediciliyinin artmasına, innovativ startap ekosisteminin genişlənməsinə və yüksək texnologiyalar sektorunun inkişafına əlavə imkanlar yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyatın inkişafı qeyri-neft sektorunun şaxələndirilməsi siyasətinə də mühüm dəstək verir. Bu isə uzunmüddətli perspektivdə dayanıqlı iqtisadi artım və yeni yüksək ixtisaslı məşğulluq imkanlarının formalaşmasına xidmət edir.
Sosial müstəvidə isə rəqəmsal transformasiya vətəndaş-mərkəzli idarəetmənin gücləndirilməsi deməkdir. Dövlət xidmətlərinə çıxışın sadələşdirilməsi, elektron platformaların imkanlarının genişləndirilməsi, sənəd dövriyyəsinin optimallaşdırılması və xidmətlərin operativliyinin artırılması vətəndaş məmnunluğunu yüksəldən əsas amillərdəndir. Bununla yanaşı, rəqəmsal savadlılığın artırılması, regionlarda rəqəmsal imkanlara çıxışın genişləndirilməsi və innovativ bacarıqların inkişafı insan kapitalının gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Ümumilikdə, birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılması istiqamətində mühüm institusional addım kimi dəyərləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB