“Azərbaycanın “Metrik Konvensiya”ya qoşulması beynəlxalq metrologiya əməkdaşlığını genişləndirəcək” - Zaur Şükürov

“Azərbaycanın “Metrik Konvensiya”ya qoşulması beynəlxalq metrologiya əməkdaşlığını genişləndirəcək” - Zaur Şükürov

“Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan qanun layihəsi ilə ölkəmizin “Metrik Konvensiya”ya qoşulması nəzərdə tutulur. Bu Konvensiya 1875-ci il mayın 20-də Parisdə imzalanıb və müasir ölçmə sisteminin beynəlxalq hüquqi əsasını təşkil edir”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov parlamentin bugünkü növbədənkənar sessiyasında deyib.

Deputat bildirib ki, hazırda Konvensiyaya dünyanın 67 dövləti tamhüquqlu tərəfdir və bu ölkələrdə dünya əhalisinin təxminən 95 faizi yaşayır. Onun sözlərinə görə, MDB məkanında Qazaxıstan, Rusiya, Belarus və Ukrayna sənədə qoşulub, Azərbaycan isə indiyədək assosiativ üzv statusunda təmsil olunub.

Zaur Şükürov qeyd edib ki, Konvensiya ölçmə elmində qlobal əməkdaşlıq üçün vahid çərçivə yaradaraq elm, sənaye, ticarət və mühəndislik sahələrində istifadə olunan ölçü və çəki standartlarının beynəlxalq səviyyədə uyğunlaşdırılmasını təmin edir.

Deputat vurğulayıb ki, Konvensiya çərçivəsində fəaliyyət göstərən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro, Çəki və Ölçü üzrə Beynəlxalq Komitə və Çəkilər və Ölçülər üzrə Baş Konfrans dünya metrologiya sisteminin əsas institutları hesab olunur və beynəlxalq standartların hazırlanmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, Azərbaycanın Konvensiyaya qoşulması ölkəmizə bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirmək, qərarların qəbulunda iştirak etmək və hər dörd ildən bir keçirilən Baş Konfransda səsvermə hüququ əldə etmək imkanı verəcək.

Zaur Şükürov bildirib ki, üzvlük eyni zamanda Azərbaycanın Çəki və Ölçülər üzrə Beynəlxalq Komitəyə namizəd irəli sürməsinə, Milli Metrologiya İnstitutunun mütəxəssislərinin beynəlxalq məşvərət komitələrinin fəaliyyətində iştirakına, qlobal ölçmə müqayisələrinə qoşulmasına və Büronun laboratoriyalarının təqdim etdiyi kalibrləmə xidmətlərindən ödənişsiz istifadə etməsinə şərait yaradacaq.

Deputat əlavə edib ki, Konvensiyaya qoşulmaq ölkənin elmi və texniki potensialının gücləndirilməsi, metrologiya sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi və qlobal ölçmə sisteminə daha sıx inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə