“Azərbaycanın güclü ordusu dövlətimizin əmin-amanlığının ən etibarlı təminatıdır” -DEPUTAT DANIŞDI

“Azərbaycanın güclü ordusu dövlətimizin əmin-amanlığının ən etibarlı təminatıdır” -DEPUTAT DANIŞDI

“26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü təkcə hərbi bayram deyil, dövlətimizin qüdrətinin, müstəqilliyinin və suverenliyinin rəmzidir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli ordu quruculuğu siyasəti bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da inkişaf etdirilir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Ordusunun gücü yalnız silahlanma ilə ölçülmür. Ordumuz yüksək peşəkarlığa malik şəxsi heyəti, müasir idarəetmə sistemi, döyüş hazırlığı, qabaqcıl texnologiyaların tətbiqi və milli hərbi sənayenin inkişafı ilə regionun ən güclü ordularından birinə çevrilib. 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində əldə olunan qələbələr bunun ən parlaq sübutudur.

Müasir dövrdə təhlükəsizlik anlayışı da dəyişib. Süni intellekt, pilotsuz uçuş aparatları, elektron müharibə sistemləri, kiber təhlükəsizlik və yüksək dəqiqlikli silahlar artıq hərbi üstünlüyü müəyyən edən əsas amillərdəndir. Buna görə də ordunun texnoloji modernləşdirilməsi və peşəkar zabit-kadr potensialının davamlı şəkildə gücləndirilməsi Azərbaycanın müdafiə strategiyasının prioritet istiqamətlərindəndir.

Güclü ordu yalnız ölkənin sərhədlərini qorumur, eyni zamanda dövlətin beynəlxalq mövqeyini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin olunmasına xidmət edir. Azərbaycan bu gün məhz güclü ordusu və prinsipial siyasi iradəsi sayəsində milli maraqlarını qətiyyətlə müdafiə edən, söz sahibi olan bir dövlətdir.

26 İyun münasibətilə bütün hərbi qulluqçularımızı, qazilərimizi və veteranlarımızı təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Azərbaycanın güclü ordusu dövlətimizin təhlükəsizliyinin və xalqımızın əmin-amanlığının ən etibarlı təminatıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə