"Azərbaycan torpaqlarının uzun illər Ermənistanın işğalı altında qalması həm də xalqımızın tarixi, dini və mədəni irsinə qarşı misli görünməmiş vandalizm aktları ilə yadda qalıb. İşğal dövründə şəhərlər, kəndlər, qəbiristanlıqlar, məbədlər, məscidlər və digər tarixi abidələr məqsədli şəkildə dağıdılıb, Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni irs silinməyə çalışılmışdır".
Bu sözləri SİA -ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunduğu kimi, işğal edilmiş ərazilərdə yerləşən dini və tarixi abidələrin böyük hissəsi ciddi dağıntılara məruz qalmışdır:
"Xüsusilə İslam mədəniyyətinə aid irsin məhv edilməsi Ermənistanın işğal siyasətinin ən ağrılı səhifələrindən biridir. Azərbaycanın işğal altında qalmış ərazilərində mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması, təhqir olunması və yararsız vəziyyətə salınması dini irsə qarşı məqsədyönlü vandalizmin bariz nümunəsidir. Bir çox məscidlərin içərisində heyvan saxlanılması, onların təhqir olunması təkcə Azərbaycan xalqına deyil, bütövlükdə İslam dünyasına qarşı hörmətsizlik kimi qiymətləndirilir.
2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbədən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramlarına start verdi. Bu proqramların mühüm istiqamətlərindən biri məhz dini, tarixi və mədəni abidələrin bərpasıdır. Dövlət tərəfindən həyata keçirilən layihələr nəticəsində Şuşa, Ağdam, Füzuli, Zəngilan və digər rayonlarda yerləşən məscidlər, türbələr, tarixi tikililər bərpa olunur, onların əvvəlki görkəminə qaytarılması istiqamətində ardıcıl işlər görülür.
Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidlərinin bərpası, Ağdam Cümə məscidinin yenidən qurulması Azərbaycanın öz dini-mədəni irsinə göstərdiyi diqqətin təzahürüdür. Eyni zamanda İslam abidələri ilə yanaşı, digər dinlərə aid tarixi məbədlərin də qorunması və bərpası təmin edilir ki, bu da Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinin davam etdiyini göstərir.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri təkcə infrastrukturun bərpası deyil, həm də tarixi ədalətin bərpasıdır. Bu baxımdan məhv edilmiş dini və mədəni irsin yenidən dirçəldilməsi Azərbaycan dövlətinin öz tarixinə, milli-mənəvi dəyərlərinə və mədəni irsinə sadiqliyinin göstəricisidir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələri dünya ictimaiyyətinə mühüm bir mesaj verir: Azərbaycan dağıdan deyil, quran dövlətdir. Ermənistanın illərlə viran qoyduğu şəhər və kəndlər yenidən dirçəlir, məscidlərin minarələrindən azan səsləri yüksəlir, tarixi abidələr öz əvvəlki əzəmətini bərpa edir. Bu proses həm milli yaddaşın qorunmasına, həm də gələcək nəsillərə zəngin mədəni irsin ötürülməsinə xidmət edir.
Azərbaycanın həyata keçirdiyi bu nəhəng bərpa proqramı bütövlükdə bəşəriyyətin ortaq mədəni irsinin qorunmasına verilən mühüm töhfədir. Qarabağda və Şərqi Zəngəzurda yenidən ucalan məscidlər, bərpa olunan tarixi abidələr və dirçələn şəhərlər işğalın izlərinin yerini inkişaf, quruculuq və mənəvi dirçəlişlə əvəz etdiyini nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB