“Azərbaycan Türkmənistana Qafqaza, Türkiyəyə və Avropaya çıxış təmin edən əsas tərəfdaşdır” - DEPUTAT DANIŞDI

“Azərbaycan Türkmənistana Qafqaza, Türkiyəyə və Avropaya çıxış təmin edən əsas tərəfdaşdır” - DEPUTAT DANIŞDI

“Bu səfər, şübhəsiz ki, tarixdə mühüm hadisə kimi qalacaq. Çünki son illərdə Azərbaycan–Türkmənistan münasibətləri sürətlə inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Türkmənistan Xəzər dənizinin şərq sahilində yerləşən, Azərbaycanla ortaq tarixi, dini, mədəni və etnik bağlara malik qardaş ölkədir. Bu münasibətlər keçmişdə olduğu kimi, gələcəkdə də möhkəm təməllər üzərində inkişaf edəcək.”

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, səfərin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bu görüş Türk dünyasının və Türk Dövlətləri Təşkilatının yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə baş tutub:

”Azərbaycan Prezidenti ilə keçirilən həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə təşkil olunan görüşlər iki ölkə arasında münasibətlərin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi.

Türkmənistan Azərbaycan üçün Mərkəzi Asiyaya, Türküstan coğrafiyasına və geniş Avrasiya məkanına açılan mühüm qapıdır. Eyni zamanda, Xəzər dənizi vasitəsilə ölkələrimizi birləşdirən nəqliyyat, logistika və enerji layihələri strateji əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrə Türkmənistanın qoşulması həmin layihələrin iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır.

Bu baxımdan Transxəzər nəqliyyat marşrutu, enerji layihələri, qaz kəmərləri və gələcəkdə alternativ enerji resurslarının ötürülməsi üçün nəzərdə tutulan infrastruktur layihələri ölkələrimizi daha da yaxınlaşdırır. Türkmənistanın dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrdən biri olması bu əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır.

Müstəqillik əldə etdikdən sonra Türkmənistan uzun müddət strateji neytrallıq siyasəti yürüdüb. Lakin son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi, Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsi və Azərbaycanın regional təşəbbüslərinin uğuru Türkmənistanın da bu proseslərdə daha fəal iştirakına təkan verib.

Bu gün Türkmənistan Türk Dövlətləri Təşkilatının fəaliyyətində daha aktiv iştirak edir, regional və çoxtərəfli əməkdaşlıq layihələrinə qoşulur. Orta Dəhliz üzərində yerləşən bu ölkə həm coğrafi, həm də iqtisadi baxımdan mühüm strateji mövqeyə malikdir. Azərbaycan isə Türkmənistan üçün Qafqaza, Türkiyəyə və Avropaya çıxış təmin edən əsas tərəfdaşlardan biridir.

Xüsusilə, Zəngəzur dəhlizinin açılması perspektivi Orta Dəhlizin əhəmiyyətini daha da artırır və Türkmənistan üçün ən əlverişli Şərq-Qərb nəqliyyat marşrutunun formalaşmasına xidmət edir.

Bununla yanaşı, Azərbaycan və Türkmənistanı birləşdirən amillər yalnız iqtisadi və geosiyasi maraqlarla məhdudlaşmır. Ölkələrimizi ortaq tarix, dil, mədəniyyət, qardaşlıq münasibətləri və ümumi dəyərlər birləşdirir. Türkmənistan Azərbaycan üçün digər türk dövlətləri qədər yaxın və önəmli tərəfdaşdır.

Bu gün Türkmənistanın Türk dünyasının ayrılmaz hissəsi kimi daha fəal mövqe tutması, Türk Dövlətləri Təşkilatında iştirakını gücləndirməsi və Azərbaycanla strateji əməkdaşlığı genişləndirməsi regionun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da möhkəmlənəcək və Türk dünyasının birliyinə yeni töhfələr verəcək”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə