“Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biridir” - DEPUTAT DANIŞDI

“Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biridir” - DEPUTAT DANIŞDI

“Respublikamızın qeyd etdiyi bu əlamətdar tarix yalnız təqvim hadisəsi deyil, eyni zamanda müstəqillik dövründə Azərbaycan Ordusunun formalaşması, möhkəmlənməsi və qalib orduya çevrilməsi yolunda keçdiyi şanlı tarixin dəyərləndirilməsidir”.

Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib.

Onun sözlərinə görə, ilk növbədə qeyd etmək lazımdır ki, 1990-cı illərdə Azərbaycanın üzləşdiyi ağır sınaqlar birbaşa dövlət quruculuğu və milli ordunun yaradılması prosesi ilə bağlı idi:

“Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəetmədəki problemlər və Ermənistanın hərbi təcavüzü Azərbaycanı son dərəcə mürəkkəb vəziyyətlə üz-üzə qoymuşdu.

Təəssüf ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan güclü və vahid nizami orduya malik deyildi. Bu isə ölkənin müdafiə qabiliyyətinə ciddi təsir göstərir, torpaqlarımızın müdafiəsini çətinləşdirirdi. Həmin dövrdə ordu quruculuğu sahəsində mövcud olan çatışmazlıqlar döyüş meydanında da özünü göstərirdi.

Lakin xalqımız bütün çətinliklərə baxmayaraq dövlətçiliyini qorumağı bacardı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik bərqərar edildi, dövlət quruculuğu prosesi sürətləndirildi və peşəkar ordu quruculuğuna xüsusi diqqət ayrıldı. Məhz həmin dövrdən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin müasir əsaslar üzərində formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Sonrakı illərdə Azərbaycan Ordusunun maddi-texniki bazası gücləndirildi, şəxsi heyətin hazırlıq səviyyəsi yüksəldildi, müasir silah və texnika ilə təminat həyata keçirildi. Nəticədə ordumuz regionun ən güclü silahlı qüvvələrindən birinə çevrildi.

Bu inkişafın ən parlaq nəticəsi isə 2020-ci ildə əldə olunan tarixi Zəfər oldu. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi və xalqımızın uzun illər gözlədiyi ədaləti bərpa etdi. Bununla da Azərbaycan Ordusu təkcə güclü deyil, həm də qalib ordu kimi tarixə düşdü.

Çox mürəkkəb coğrafi şəraitdə, dağlıq və çətin relyefə malik ərazilərdə aparılan hərbi əməliyyatlar Azərbaycan Ordusunun peşəkarlığını və hazırlıq səviyyəsini bir daha nümayiş etdirdi. İşğal altında olmuş bölgələrin mürəkkəb relyefi şəraitində əldə olunan uğurlar gələcək Zəfərin əsasını təşkil etdi. Bir tərəfdən müasir texnika və silahlanma, digər tərəfdən isə peşəkar şəkildə hazırlanmış insan resursları ordumuzun gücünü daha da artırdı. Hərbi hissələr, sərhəd qoşunları, daxili qoşunlar və bütövlükdə Silahlı Qüvvələr sistemi illər ərzində güclənərək mühüm potensial formalaşdırdı.

2020-ci il Azərbaycan xalqı üçün ilk növbədə milli birlik, həmrəylik və qurtuluş mübarizəsinin simvoluna çevrildi. Dövlət, xalq və ordu vahid məqsəd uğrunda birləşərək tarixi missiyanı yerinə yetirdi. Dünya hərb tarixində nadir hallarda rast gəlinən bir hadisə baş verdi – qısa müddət ərzində minimum itkilərlə maksimum nəticə əldə olundu.

Müharibə zamanı əməliyyatların müəyyən ərazi çərçivəsində saxlanılması xüsusi əhəmiyyət daşıyırdı. Ermənistanın Bərdə və digər yaşayış məntəqələrini hədəfə almasına baxmayaraq, Azərbaycan tərəfi hərbi əməliyyatları beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdi. Mülki əhalinin və infrastrukturun qorunmasına xüsusi diqqət yetirildi. Bu, həm də Azərbaycanın məsuliyyətli və humanist yanaşmasının göstəricisi idi.

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi. Daha sonra 2023-cü ildə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu və Xankəndidə Azərbaycan bayrağı ucaldıldı. Bununla da uzun illər regionun inkişafına mane olan münaqişə dövrü başa çatdı.

Bu gün Azərbaycan Ordusu təkcə ölkəmizin təhlükəsizliyinin təminatçısı deyil, həm də regionda sabitlik və təhlükəsizlik amilinə çevrilib. Ordumuzun hərbi sahədə qazandığı uğurlar diplomatik müstəvidə də Azərbaycanın mövqelərini gücləndirib. Müasir dövrdə “hərbi diplomatiya” anlayışı xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın əldə etdiyi uğurlar bunun bariz nümunəsidir.

Silahlı Qüvvələr Gününü qeyd edərkən biz qalib ordunun şanlı tarixini, qəhrəman şəhidlərimizin əziz xatirəsini və qazilərimizin fədakarlığını ehtiramla yad edirik. Bu bayram hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çünki Azərbaycan xalqı öz torpaqlarına qovuşmağın, dövlət suverenliyini tam təmin etməyin və tarixi ədaləti bərpa etməyin sevincini yaşayır.

Bu gün Silahlı Qüvvələr Günü münasibətilə ordumuzun keçdiyi şərəfli yolu bir daha xatırlayır, Vətən uğrunda canından keçmiş şəhidlərimizi ehtiramla anır, qazilərimizə minnətdarlığımızı bildiririk. İnanırıq ki, Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin, müstəqilliyinin və davamlı inkişafının etibarlı təminatçısı olacaq.

Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biri kimi dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və gələcək inkişafının qarantıdır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə