“Ölkəmiz Şərqlə Qərb arasında körpü rolunu uğurla yerinə yetirir” - DEPUTAT DANIŞDI

“Ölkəmiz Şərqlə Qərb arasında körpü rolunu uğurla yerinə yetirir” - DEPUTAT DANIŞDI

“Azərbaycan Prezidenti İlham Əliyevin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul etməsi ölkəmizin dinlərarası dialoq, multikulturalizm və tolerantlıq sahəsində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir”.

Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Aydın Hüseynov bildirib
Onun sözlərinə görə, bu görüş Azərbaycan ilə Vatikan arasında mövcud olan qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, ölkəmizin sivilizasiyalararası dialoq sahəsində oynadığı mühüm rolu da təsdiqləyir:

“Azərbaycan tarixən müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə və qarşılıqlı hörmət şəraitində yaşadığı məkan olub. Əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün də qorunur və dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf etdirilir. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmalar sərbəst şəkildə fəaliyyət göstərir, onların dini ayinlərini yerinə yetirmələri və mədəni irslərinin qorunması üçün hər cür şərait yaradılır.

Son illərdə Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Dövlət tərəfindən dini abidələrin bərpasına, ibadət məkanlarının qorunmasına və dini icmaların fəaliyyətinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Bu siyasət ölkədə dini və milli müxtəlifliyin qorunmasına, cəmiyyətdə qarşılıqlı anlaşma və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Azərbaycan eyni zamanda beynəlxalq səviyyədə dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Bakıda keçirilən beynəlxalq forumlar, konfranslar və qlobal tədbirlər dünyanın müxtəlif ölkələrindən siyasətçiləri, din xadimlərini, alimləri və ekspertləri bir araya gətirərək fikir mübadiləsinə və əməkdaşlığın inkişafına imkan yaradır. Bu tədbirlər qlobal miqyasda sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin Corc Ceykob Kuvakad ilə görüşündə də məhz bu məsələlər xüsusi diqqət mərkəzində olub. Görüş zamanı Azərbaycanın multikulturalizm modelinin uğurları, dinlərarası harmoniyanın qorunması istiqamətində görülən işlər və ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfələr vurğulanıb. Həmçinin sivilizasiyalararası dialoqun əhəmiyyəti, qlobal çağırışlar fonunda müxtəlif din və mədəniyyətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi məsələləri müzakirə olunub.

Bu görüş Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir. Ölkəmiz Şərqlə Qərb arasında körpü rolunu uğurla yerinə yetirərək müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Azərbaycanın təşəbbüsləri təkcə regionda deyil, daha geniş beynəlxalq müstəvidə də sülhün və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.

Belə görüşlər Azərbaycanın tolerantlıq, multikulturalizm və humanizm dəyərlərinə sadiqliyinin növbəti göstəricisidir. Eyni zamanda bu görüşlər ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dinlərarası dialoq sahəsində qazandığı uğurların dünyada daha geniş tanınmasına və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə