“Bu regionda dayanıqlı sülhün formalaşması üçün müsbət dinamika kimi qiymətləndirilir” - ŞƏRH
“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərdi ki, ölkə vətəndaşlarının əhəmiyyətli hissəsi Baş nazir Nikol Paşinyanın siyasi kursuna yenidən dəstək verib. Bu nəticə isə öz növbəsində Ermənistan cəmiyyətinin böyük əksəriyyətinin hazırkı mərhələdə revanşizmə və qarşıdurma siyasətinə deyil, sabitlik, iqtisadi inkişaf və regional əməkdaşlıq perspektivlərinə üstünlük verdiyini nümayiş etdirir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, seçkilərin əsas siyasi nəticəsi isə revanşist qüvvələrin hakimiyyətə gələ bilməməsi oldu:
“Bu regional təhlükəsizlik və sülh gündəliyi baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistan seçicisi faktiki olaraq regionda formalaşmış yeni reallıqları nəzərə alan daha praqmatik yanaşmaya dəstək verdi. Bu isə Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh prosesinin davam etdirilməsi üçün müəyyən siyasi zəmin yaradır. Ancaq seçkilər Ermənistan daxilində bütün siyasi ziddiyyətlərin aradan qalxdığı anlamına da gəlmir. Müxalifətin əldə etdiyi nəticələr göstərir ki, cəmiyyətdə sülh gündəliyinə, konstitusiya dəyişikliklərinə və Azərbaycanla münasibətlərin gələcəyinə dair fərqli baxışlar hələ də qalmaqdadır. Ona görə də, qarşıdakı dövrdə daxili siyasi gərginliklərin tamamilə aradan qalxacağını gözləmək doğru deyil.
Nəticə etibarilə, seçkilərin nəticələri Ermənistanın yaxın perspektivdə radikal siyasi dəyişikliyi deyil, daha çox mövcud kursun davamı yolunu seçdiyini göstərir. Bu isə regionda sabitliyin möhkəmlənməsi və dayanıqlı sülhün formalaşması nöqteyi-nəzərindən müsbət dinamika kimi qiymətləndirilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB