“Sülh yalnız dövlətlər üçün deyil, xalqların da rifahı, təhlükəsizliyi üçün vacib şərtdir” -DEPUTAT DANIŞDI
“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə daha geniş prizmadan yanaşdıqda diqqətçəkən məqamlar ortaya çıxır. Bu nəticələr göstərir ki, cəmiyyətlər uzunmüddətli qarşıdurma, qeyri-müəyyənlik və təhlükəsizlik risklərindən daha çox sabitlik, inkişaf və rifaha üstünlük verirlər. İnsanlar əsasən öz gələcəklərini, övladlarının təhlükəsizliyini və ölkələrinin iqtisadi inkişafını prioritet hesab edirlər”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, bu baxımdan Ermənistan seçicilərinin verdiyi qərarı müəyyən mənada sülh gündəliyinə verilən dəstək kimi dəyərləndirmək olar:
” Son illərdə Ermənistan rəhbərliyi regional kommunikasiyaların açılması, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması istiqamətində mövqelər ifadə edib. Görünür ki, cəmiyyətin müəyyən hissəsi də bu yanaşmanı daha perspektivli hesab edir.
Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan tərəfi, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzun illərdir regionda dayanıqlı sülhün, əməkdaşlığın və qarşılıqlı faydalı münasibətlərin qurulmasının vacibliyini dəfələrlə vurğulayıb. Qarabağ münaqişəsinin başa çatmasından sonra da Azərbaycan sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib və regional əməkdaşlıq imkanlarını gündəmdə saxlayıb.
Bu mənada Ermənistan cəmiyyətinin seçimi onu göstərir ki, region xalqları qarşıdurma ritorikasından daha çox sabitlik, iqtisadi inkişaf və əməkdaşlıq perspektivlərinə üstünlük verməyə başlayır. Bu tendensiya davam edərsə, Cənubi Qafqazda yeni siyasi və iqtisadi münasibətlər sisteminin formalaşması üçün daha əlverişli şərait yarana bilər.
Sülh yalnız dövlətlər üçün deyil, həm də xalqların rifahı, təhlükəsizliyi və gələcəyi üçün ən vacib şərtdir. Seçkilərin əsas mesajlarından biri də məhz budur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB