"Azərbaycanın enerji strategiyası milli suverenliyin sarsılmaz zəmanətidir" - ŞƏRH
"31-ci Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji xəritəsindəki güclənən mövqeyini növbəti dəfə təntənəli şəkildə nümayiş etdirən tarixi bir hadisə, Prezident İlham Əliyevin tədbirin rəsmi açılış mərasimindəki konseptual çıxışı isə Azərbaycanın qlobal geosiyasi və geoiqtisadi arxitekturadakı sarsılmaz mövqeyini bir daha nümayiş etdirən tarixi və geosiyasi əhəmiyyətə malik mesajlar paketi idi".
Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, səslənən tezislər sadəcə qazanılan uğurların hesabatı deyil, həm də dövlətimizin milli maraqlarını və beynəlxalq hüququ ön plana çıxaran, qlobal güclərə ünvanlanmış kəsərli bir manifest xarakteri daşıyırdı:
"Proseslərin praktik gedişi, xüsusən keçən il qaz alan ölkələrin sayının 12, hazırda isə artıq 16 ölkə olması faktını xüsusi qabartmaqla cənab Prezident ilk növbədə həm Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyinə, həm də ölkəmizin Avropanın enerji təhlükəsizliyinin onurğa sütununu təşkil edən, əvəzolunmaz strateji tərəfdaşı kimi mövqeyinin daha da güclənməsinə diqqəti yönəldərək reallıqların Bakının lehinə dəyişməkdə olduğuna diqqət çəkdi. COP29 ərəfəsində Azərbaycanı "qazıntı yanacağı" ölkəsi olmaqda ittiham edən bəzi Qərb dairələrinin ikiüzlü siyasətini ifşa etməklə cənab Prezidentin çıxışının məzmunu, eyni zamanda ekoloji populizmə qarşı ən yaxşı "praqmatizm dərsi" oldu. Dünyanın hələ uzun müddət qazıntı yanacağı olmadan yaşaya bilməyəcəyinə bir daha diqqət çəkən dövlət başçısı haqlı olaraq öz enerji təhlükəsizliyini xilas etmək üçün Bakıdan daha çox qaz istəyən dairələrin bizi qınamasını absurd adlandırdı və bir daha ölkəmizin milli maraqları çərçivəsində öz təbii resurslarından suveren şəkildə istifadə etməkdə davam edəcəyini bəyan etməklə müstəqil siyasi iradəmizin sarsılmazlığını qətiyyətlə göstərmiş oldu. Yəni Azərbaycan diktə ilə hərəkət edən ölkə deyil, diktə edən və qlobal gündəliyi müəyyənləşdirən suveren aktordur. Biz öz milli maraqlarımızı qətiyyətlə qoruyur, eyni zamanda beynəlxalq hüququ hər şeydən uca tuturuq.
Lakin digər tərəfdən, təbii ki, biz yalnız ənənəvi yanacaq növlərində kortəbii israrın tərəfdarı deyilik və Bakı Enerji Həftəsi çərçivəsində yaşıl enerji layihələrinə ayrılan diqqət sübut edir ki, Bakı həm ənənəvi, həm də bərpaolunan enerjinin sintezininin lokomotividir. Cənab Prezidentin də qeyd etdiyi kimi, COP29-a ev sahibliyi etməyimiz bu mövqeyin beynəlxalq səviyyədə təsdiqi, habelə qlobal səviyyətə qəbullanılması sayılmalıdır. ABŞ Prezidenti Donald Trampın Bakı Enerji Həftəsinə ünvanladığı məktubda Azərbaycanı "regionda çox mühüm tərəfdaş" adlandırması da məhz bu zəmində şərh olunmalıdır və cənab Prezidentin yürütdüyü balanslaşdırılmış və qətiyyətli diplomatiyanın növbəti beynəlxalq etirafıdır.
Bu mənada, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı həm də bir daha onu təsdiq etdi ki, Azərbaycanın enerji strategiyası milli suverenliyin sarsılmaz zəmanətidir. Cari gedişat, o cümlədən beynəlxalq reaksiyalar da göstərir ki, cənab İlham Əliyev elə bir geosiyasi konfiqurasiyaya nail olub ki, Azərbaycan həm ənənəvi, həm də gələcəyin yaşıl enerji xəritəsində güc mərkəzi olaraq qala biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB