Hindistanın dalit icması nümayəndələrinin yaxın vaxtlarda Azərbaycana səfəri planlaşdırılır.
SİA xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) Hindistanda dalit icması nümayəndələrinin məruz qaldığı ayrı-seçkiliklə bağlı hazırladığı arayışda bildirilib.
Arayışda qeyd olunub ki, BTQ dalit icması ilə sıx əməkdaşlıq edir və kasta əsaslı ayrı-seçkiliyin beynəlxalq gündəmdə daha geniş işıqlandırılmasına xüsusi önəm verir:
"Bu əməkdaşlıq Hindistanda sistemli diskriminasiyadan əziyyət çəkən icmaların problemlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və dalit icmasının səsinin qlobal platformalarda daha aydın eşidilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dalitlər əsrlər boyu Hindistanın ictimai həyatında təcrid olunmuş, bərabərsizliyə və zorakılığa məruz qalmış, onların su mənbələrindən istifadə etməsi, dini məbədlərə daxil olması və yuxarı kastalara mənsub şəxslərlə eyni sosial məkanı paylaşması məhdudlaşdırılıb".
Sənəddə bir sıra xarici ölkələrdə dalit hüquqlarının müdafiəsi ilə məşğul olan əsas təşkilatlar sırasında "International Dalit Solidarity Network", "Equality Labs", "International Commission for Dalit Rights", "Ambedkar International Center" və "Dalit Solidarity Network UK" kimi qurumların adları göstərilib:
"Bu təşkilatlar kasta əsaslı ayrı-seçkiliyin beynəlxalq səviyyədə tanıdılması, dalitlərin hüquqlarının müdafiəsi və diaspor icmalarında maarifləndirmə işinin aparılması istiqamətində fəaliyyət göstərirlər. Dalitlərin əsas tələbləri kasta əsaslı diskriminasiyanın aradan qaldırılması, zorakılıq və cəzasızlığa son qoyulması, təhsil və məşğulluqda bərabər imkanların yaradılması, torpaq və iqtisadi resurslara çıxışın genişləndirilməsi, siyasi təmsilçiliyin artırılması və insan ləyaqətinə əsaslanan bərabər və təhlükəsiz həyat şəraitinin təmin edilməsidir".
Arayışda dalitlər haqqında əsas statistik göstəricilərə də yer verilib:
"Dalitlər Hindistan əhalisinin təxminən 16–17 faizini, yəni 200 milyona yaxın insanı təşkil edir. Buna baxmayaraq, onlar ölkədə sosial və iqtisadi baxımdan ən çox sıxışdırılmış qruplardan biri olaraq qalırlar. Dalit icması təhsil, məşğulluq, sosial xidmətlərə əlçatanlıq, ictimai təhlükəsizlik, iqtisadi imkanlar və siyasi təmsilçilik sahələrində ciddi maneələrlə üzləşməkdə davam edir. Rəsmi statistikaya görə, təkcə 2016-cı ildə aşağı kastalara qarşı 40 mindən çox cinayət qeydə alınıb. 2018-ci ildə dalitlərin iştirakı ilə keçirilən kütləvi aksiyalar zamanı 8 nəfərin həyatını itirməsi isə problemin yalnız sosial ayrı-seçkiliklə məhdudlaşmadığını, eyni zamanda zorakılıq və təhlükəsizlik böhranı xarakteri daşıdığını göstərir. Bu faktlar Hindistanda kasta əsaslı diskriminasiyanın fərdi hallar deyil, sistemli və genişmiqyaslı problem olduğunu nümayiş etdirir".
Bildirilib ki, dalitlərlə bağlı məsələ beynəlxalq səviyyədə də müzakirə olunub:
"BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsi "mənşəyə əsaslanan ayrı-seçkilik" anlayışı çərçivəsində kasta və irsi statusa əsaslanan ayrı-seçkiliyi də insan hüquqları problemi kimi qiymətləndirib. Bundan əlavə, dalit hüquq müdafiəçiləri 2001-ci ildə Cənubi Afrikanın Durban şəhərində keçirilmiş irqçilik və ayrı-seçkiliyə qarşı Ümumdünya Konfransı zamanı kasta əsaslı diskriminasiyanın beynəlxalq gündəmə çıxarılması üçün fəal kampaniya aparıblar. Avropa Parlamenti də kasta əsaslı ayrı-seçkiliyə dair ayrıca qətnamə qəbul edərək bu problemin beynəlxalq insan hüquqları siyasətində nəzərə alınmasının vacibliyini vurğulayıb".
Həmçinin qeyd edilib ki, dalit icması vahid dini inanca malik deyil. Onların arasında hinduizm, buddizm, xristianlıq, sikhizm və islam dininə mənsub şəxslər mövcuddur. Bununla yanaşı, dalit ictimai-siyasi düşüncəsində B.R.Ambedkarın irsi xüsusi yer tutur. O, kasta sisteminə qarşı çıxmış, bərabərlik, insan ləyaqəti və sosial ədalət ideyalarını dalit hərəkatının əsas dayaqlarından birinə çevirib.
Arayışda diqqətə çatıdırlıb ki, Hindistan qanunvericiliyində kasta əsaslı ayrı-seçkilik qadağan edilsə də, dalitlər gündəlik həyatlarında ciddi təzyiqlərlə üzləşirlər:
"Hindistan qanunvericiliyində kasta əsaslı ayrı-seçkilik qadağan edilsə də, dalitlərin gündəlik həyatda təcrid, iqtisadi çətinliklər və zorakılıqla üzləşməsi göstərir ki, mövcud hüquqi mexanizmlər onların hüquqlarının qorunmasını tam təmin etmir. Bu baxımdan, problemin kökü yalnız tarixi kasta ənənələrində deyil, həm də Hindistan hökumətinin bu sistemi faktiki olaraq aradan qaldırmaq üçün yetərli və effektiv addımlar atmamasındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB