“Azərbaycan COP29-dan sonra növbəti böyük beynəlxalq tədbirə ev sahibliyi edir” - DEPUTAT DANIŞDI

“Sürətli iqtisadi artım, iş yerlərinin yaradılması, şəhər həyat səviyyəsinin yaxşılaşdırılması və dayanıqlı mühit üçün səy göstərdiyimiz zaman həm də şəhərləşmə səviyyələrindəki miqyası, artımı və regional dəyişiklikləri nəzərə almaq, həm də bunu dərindən anlamaq olduqca mühümdür”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə, şəhərlərimizi iqtisadiyyatın struktur transformasiyası üçün hərəkətverici qüvvə olaraq yerləşdirməyimiz önəmlidir:

”Bu baxımdan, şəhərləşmə prosesi sürətlə getdiyi bir zamanda, həm də effektiv həyata keçirilməni təmin etmək baxımından gedişata nəzarəti gücləndirməli, lazımi islahatlar aparılmalı, habelə dünyada gedən tendensiyalardan da kənarda qalmalı deyilik. İqtisadi artım baş verdikcə, adətən kənd təsərrüfatından istehsal və xidmət sahələrinə keçid olur ki, bu da şəhərləşmənin artmasına səbəb olur.
Şəhərləşmənin iqtisadiyyata müsbət təsir göstərməsi üçün fiziki olmaqla bütün problemlər həll edilməlidir. Şəhər sistemlərinə düşən yükü azaltmaq şərtilə, şəhər əhalisinin özü də iqtisadi artımda mühüm rol oynaya bilər. Bu baxımdan, dövlətlər, hökumətlər şəhərləşmə və konkret şəhər təşəbbüslərinin ətraflı araşdırılması ilə məşğul olurlar.
Ümumdünya Şəhərsalma Forumu da bu məsələdə problemləri, perspektivləri müzakirə etmək baxımından olduqca önəmli bir platformadır. Həmin bu sessiyanın sayca 13-cü forumunun Azərbaycanda keçirilməsi həm şəhərsalma nöqteyi-nəzərdən, həm də Azərbaycanın nüfuzu baxımından, diqqətlərin ölkəmizə çəkilməsi baxımından olduqca mühüm məsələdir. Cənab Prezident İlham Əliyevin həmin bu forumda çıxışı olduqca fundamental məsələləri özündə ehtiva edirdi. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı sayının özü bütün suallara cavabdır ki, Azərbaycan COP29-dan sonra ən böyük beynəlxalq tədbirə yenidən ev sahibliyi edir və bütün dünyanın nəzərini həm Azərbaycana, həm də Cənubi Qafqaza çəkməyi bacarıb.
Şəhərsalma məsələləri aktual olduğu qədər, həm də biz bu məsələyə həssas yanaşmalıyıq. Çünki burada milli dəyərlərin itirilməməsi, mədəni irsin qorunub saxlanılması, tarixi yaddaşın möhkəmləndirilməsi son dərəcə önəmlidir. Dövlət başçımız həm də bu məsələnin önəminə diqqət çəkdi və Azərbaycanın Böyük Qayıdış Proqramı həyata keçirməklə şəhər və kəndlərin bərpası istiqamətində atdığı nümunəvi addımları dəqiq və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı. Bu həm də siyasi mesaj idi ki, deməli, torpağın sahibləri oranı qurur və yaradırlar.
Bu gün əgər Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq hava limanları fəaliyyət göstərirsə, bu faktın özü də olduqca önəmli bir məsələdir ki, artıq Azərbaycan iqtisadiyyatı, bütövlükdə region iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya edir və heç bir halda qloballaşma meyllərindən kənarda qalmırıq.
Dövlət başçımız Azərbaycanın bir çox bölgələrində şəhərsalma prosesinin sürətlə getdiyini, həmçinin bu sürətdə Azərbaycanın olduqca düşünülmüş addımlar atdığını bir daha beynəlxalq auditoriyanın diqqətinə çatdırdı”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə