"Bakı və Tbilisi arasında əməkdaşlıq güclənir" - MÖVQE

"Azərbaycan və Gürcüstan əbədi qonşu dövlətlərdir. Nə Azərbaycan, nə də Gürcüstan Cənubi Qafqaz bölgəsindən başqa bir yerə gedəsi deyil".

Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Belə olan halda bizim əsas vəzifəmiz dinc qonşuluq şəraitində yaşamağın bütün mümkün yollarını müzakirə etmək, araşdırmaq və qarşılıqlı anlaşma əsasında münasibətləri inkişaf etdirməkdir.

Bu baxımdan sevindirici haldır ki, Azərbaycanla Gürcüstan arasında vaxtilə müəyyən qüvvələrin yaratmağa çalışdığı hər hansı münaqişə mövcud olmayıb. Həm dövlətlər səviyyəsində, həm də rəhbərlər arasında münasibətlər qarşılıqlı anlaşma və əməkdaşlıq üzərində qurulub.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri arasında qarşılıqlı anlaşma mövcuddur. Əgər tərəflər bir-birini anlayır və dialoq qurursa, deməli, ortada həllolunmaz problem yoxdur. Hər hansı fikir ayrılığı və ya problemə bənzər məsələ yaranarsa belə, onu qarşılıqlı müzakirə yolu ilə həll etmək mümkündür.

Bu səbəbdən Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşünü məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Azərbaycanla Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir və bu cür intensiv görüşlər əlaqələrin daha da möhkəmlənməsinə, strateji tərəfdaşlığın inkişafına əlavə töhfə verir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə