“Patent sistemi dayanıqlı mənzil həllərinin yayılmasına təkan verir” - Qriqori İvliyev
Qlobal mənzil probleminin həlli üçün əsas yollarından biri innovativ texnologiyaların tətbiqi və ixtiraçıların daha fəal şəkildə dəstəklənməsidir.
SİA xəbər verir ki, bunu Avrasiya Patent İdarəsinin Prezidenti Qriqori İvliyev WUF13 çərçivəsində “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri necə genişləndirə bilərik?” mövzusunda keçirilən sessiyada deyib.
Qriqori İvliyev bildirib ki, patent sistemi şəhərsalma və mənzil təminatı sahəsində texnoloji yeniliklərin yayılmasına və tətbiqinə mühüm töhfə verir.
Onun sözlərinə görə, yeni texnologiyalar xüsusilə 3D çap tikinti, modul ev sistemləri, rəqəmsal planlaşdırma və “yaşıl” tikinti həlləri sahəsində ciddi dəyişikliklər yaradır.
“Patentlər enerjiyə qənaət edən materiallar və resursların idarə olunması sistemləri üzrə həlləri qoruyur. Bu texnologiyalar şəhərlərin istismar xərclərini və ətraf mühitə təsirini azaldır”, – deyə o qeyd edib.
Qriqori İvliyev əlavə edib ki, bir çox patent idarələri “yaşıl” texnologiyalarla bağlı ərizələrin sürətləndirilməsi mexanizmlərini tətbiq edir. O bildirib ki, Avrasiya Patent Təşkilatına üzv ölkələr arasında bu proqramı hələlik yalnız Rospatent həyata keçirir.
Avrasiya Patent İdarəsinin Prezidenti vurğulayıb ki, bu innovasiyalar mənzil tikintisinin həm vaxtını, həm də xərclərini azaldır, eyni zamanda ekologiyaya təsiri minimuma endirərək şəhərlərin dayanıqlığını artırır.
Qriqori İvliyevin sözlərinə görə, patent sistemi bəzən maneə kimi qiymətləndirilsə də, əslində ixtiraların ictimailəşdirilməsi yolu ilə bilik mübadiləsini təmin edir və yeni nəsil tədqiqatçılar üçün inkişaf bazası yaradır.
O qeyd edib ki, patent sistemi təkcə mənzil böhranının həllində deyil, ümumilikdə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında da mühüm rol oynaya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB