"Bu, Azərbaycanın qlobal təşəbbüslərə verdiyi töhfənin obyektiv mənzərəsidir" - ŞƏRH EDİLDİ
"Bakıda işə başlayan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ölkəmizin qlobal miqyasda artan nüfuzunun, həmçinin beynəlxalq gündəliyi formalaşdıran əsas mərkəzlərdən birinə çevrilməsinin növbəti əyani sübutudur".
Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, dünya mediasının diqqət mərkəzində olan bu mötəbər tədbir həm də regional və qlobal miqyasda cərəyan edən geosiyasi gərginliklər fonunda Azərbaycanın sabitlik və təhlükəsizlik adası, sülh və əməkdaşlıq platforması olaraq qəbul edildiyini növbəti dəfə təsdiqləyir:
"Beynəlxalq media qurumlarının WUF13 ilə bağlı yayımladıqları materiallarda Azərbaycanın bu mötəbər sessiyaya yüksək səviyyədə ev sahibliyi etdiyinin xüsusi vurğulanması da bu mənada təsadüfi deyil. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun, dövlətimizin idarəçilik potensialının və logistik imkanlarının beynəlxalq birlik tərəfindən yekdil etirafıdır. "WUF13" sadəcə bəyanatların səsləndiyi deyil, iştirakçı ölkələrin davamlı inkişaf, inklüziv şəhərlər və təhlükəsiz məskunlaşma sahəsində atdıqları praktiki addımların təqdim olunduğu real platformadır. Burada qurulan və dərinləşdirilən əməkdaşlıq əlaqələri gələcəyin urbanizasiya xəritəsini müəyyən edir.
Eyni zamanda, bu forum Azərbaycanın post-münaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi misilsiz "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrini, müasir şəhərsalma modelini dünyaya nümayiş etdirmək üçün mühüm tribunadır. Bakının isə bu gün bəşəri problemlərin müzakirə olunduğu və fundamental həll yollarının tapıldığı dialoq paytaxtı olduğunu nəzərə alsaq, dünyanın aparıcı informasiya resurslarının Bakı Forumunu yüksək qiymətləndirməsi həm də Azərbaycanın qlobal təşəbbüslərə verdiyi töhfənin obyektiv mənzərəsi sayıla bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB