“Şuşa ilə Türküstanın qardaşlaşması həm siyasi, həm də mənəvi əhəmiyyət daşıyır” - DEPUTAT DANIŞDI
“Azərbaycanla Qazaxıstan arasında münasibətləri sadə formada iki ölkə münasibətləri olaraq xarakterizə etmək düzgün olmaz. Bu münasibətlər qədim tarixi köklərə, ortaq dilə, dinə, mədəniyyətə dayanan münasibətlərdir”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Qazaxıstan münasibətləri həm ikitərəfli kontekstdə, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində sürətlə inkişaf edir:
”Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edərkən də bu məsələyə ilkin olaraq toxundu. Dövlət başçımız son beş ildə Qazaxıstana səkkiz dəfə səfər edib. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev isə Azərbaycana altı dəfə səfər etmişdir. Dörd il öncə iki dövlət arasında Birgə Bəyannamə imzalanıb ki, bu da münasibətlərimizi müttəfiqlik səviyyəsinə qədər qaldırmışdır. Qazaxıstanın yerləşdiyi coğrafi mövqe, zəngin təbii ehtiyatları, Mərkəzi Asiyada aparıcı aktor kimi çıxış etməsi, təbii ki, Azərbaycanın da öz regionunda əsas aktor olması münasibətləri daha da zirvəyə qaldırır, hər iki region üçün həlledici münasibətlər olaraq müəyyən edir. Azərbaycanla Qazaxıstan sadəcə siyasi və iqtisadi baxımdan deyil, bu gün dünyada önəmi artan nəqliyyat-logistika, rəqəmsal inkişaf sahələri üzrə də uğurla əməkdaşlıq edir. Məhz bu amillər Azərbaycan və Qazaxıstanın böyük bir regionun geosiyasi və geoiqtisadi xəritədə bir-birini tamamlayan addımlar atdığını göstərir. Şuşa şəhəri ilə Türküstan şəhərinin qardaşlaşması sadəcə siyasi baxımdan deyil, mənəvi baxımdan da böyük əhəmiyyət kəsb edir. Bu bir daha göstərir ki, biz kökümüzdən uzağa düşməmişik. Şuşa və Türküstan Türk dünyasının mədəni mərkəzi rolunda çıxış edir. Şübhəsiz ki, müasir dünyada və qloballaşan mühitdə Türk mədəniyyətinin unudulmaması üçün, daha möhkəm əsaslarla gələcək nəsillərə ötürülməsi baxımından bu vacib bir məsələdir. Türk Dövlətləri Təşkilatı sadəcə bir təşkilat, institut olaraq dəyərləndirilməməlidir. Bu, böyük bir regionu əhatə edən inteqrasiya məkanıdır. Qazaxıstanla Azərbaycanın mövqelərində fundamental fikir ayrılıqlarının olmaması münasibətləri regional kontekstdən çıxardıb beynəlxalq çərçivədə də eyni dəst-xətt üzrə inkişaf tendensiyası üzərində qurur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB