"Bu, gələcəkdə daha böyük beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə zəmin yaradır" - ŞƏRH

"Bu gün Bakı şəhərinin bu kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Yəni, bu forum şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya sahəsində dünyanın ən nüfuzlu platformalarından biri olmaqla yanaşı, qabaqcıl təcrübələrin mübadiləsi üçün mühüm beynəlxalq platforma hesab olunur. Bakının bu foruma ev sahibliyi etməsi onun artıq regional deyil, qlobal urbanistika mərkəzlərindən birinə çevrildiyini bir daha sübut edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, müasir nəqliyyat infrastrukturu, ictimai məkanların inkişafı, rəqəmsal texnologiyaların tətbiqi və memarlıq müxtəlifliyi şəhərin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17–22-si tarixlərində keçiriləcək “Hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə bağlı görülən işlərlə tanış olub. Dövlət başçısı stadionun infrastrukturunun hazır vəziyyətini, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə qurulmasını, nəqliyyat və logistika məsələlərini diqqət mərkəzində saxlayıb.

Bu cür beynəlxalq tədbirlərin Azərbaycanın dünyada nüfuzunu daha da artıracağını, ölkənin idman və turizm sahəsində böyük imkanlar qazandığını vurğulayıb. Bu tədbir Azərbaycanın beynəlxalq arenada daha da tanınması ilə yanaşı, gənc nəslin bu sahəyə marağının və motivasiyasının artırılmasına, ölkəmizin yeni uğurlar əldə etməsinə təkan verir və gələcəkdə daha böyük beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə zəmin yaradır. Bu tədbir ölkəmiz üçün daha bir mühüm töhfə olacaq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə