"Slovakiya Azərbaycanın strateji rolunu yüksək qiymətləndirir" - POLİTOLOQ DANIŞDI
"İlham Əliyev tərəfindən Richard Raşinin başçılıq etdiyi Slovakiya Milli Şurasının nümayəndə heyətinin qəbul edilməsi Azərbaycan–Avropa münasibətlərinin yeni mərhələdə daha praqmatik və çoxşaxəli xarakter aldığını göstərən mühüm siyasi hadisədir. Bu görüş yalnız protokol xarakterli diplomatik təmas kimi deyil, həm də Bakı ilə Bratislava arasında strateji kommunikasiya kanallarının genişlənməsi baxımından qiymətləndirilməlidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2)_(1).jpg)
Onun sözlərinə görə, müasir geosiyasi reallıqda Azərbaycan artıq regionun yalnız enerji ixracatçısı deyil, həm də Avrasiyanın təhlükəsizlik və nəqliyyat arxitekturasında mühüm aktora çevrilib: "Slovakiya parlamenti rəhbərliyinin Bakıya səfəri Avropa İttifaqı daxilində Azərbaycana marağın artdığını və xüsusilə Orta Dəhliz, enerji təhlükəsizliyi və alternativ logistika marşrutları kimi məsələlərdə Azərbaycanın rolunun qəbul edildiyini nümayiş etdirir.
Bu görüşün əsas məqamlarından biri parlament diplomatiyasının ön plana çıxmasıdır. Dövlətlərarası münasibətlərdə yalnız hökumətlərarası əlaqələr deyil, qanunverici institutlar arasında əməkdaşlıq da siyasi etimadın formalaşmasında ciddi rol oynayır.
Slovakiya ilə münasibətlərin dərinləşməsi Azərbaycanın Mərkəzi Avropa ilə siyasi dialoqunu genişləndirir və Avropada ölkəmizə qarşı formalaşdırılmağa çalışılan birtərəfli yanaşmaların balanslaşdırılması baxımından əhəmiyyət daşıyır.
Eyni zamanda, bu təmaslar postmünaqişə dövründə Azərbaycanın regionda yaratdığı yeni reallıqların Avropa siyasi dairələri tərəfindən daha yaxından izlənildiyini göstərir. Bakı artıq təşəbbüs irəli sürən, regional gündəliyi müəyyən edən və əməkdaşlıq platformaları yaradan siyasi mərkəz kimi qəbul olunur.
Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun və siyasi çəkisinin artmasının real göstəricilərindən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB