BMT Azərbaycanın beynəlxalq əməkdaşlığın təşviqindəki daimi səylərini yüksək qiymətləndirir

Birləşmiş Millətlər Təşkilatı olaraq biz Azərbaycanın çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və qlobal səviyyədə inklüziv iştirakın təşviqi istiqamətindəki davamlı səylərini yüksək qiymətləndiririk.

SİA xəbər verir ki, bu sözlər BMT Baş katibinin Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. Müraciəti BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç səsləndirib.

Bildirilib ki, Qlobal Cənub QHT Platforması qlobal həmrəylik, dialoq və tərəfdaşlıq üçün mühüm mexanizm rolunu oynayır. Müraciətdə, həmçinin inklüziv inkişafın təşviqi, dayanıqlılığın gücləndirilməsi, effektiv çoxtərəflilik və əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə Qlobal Cənuba dəstək baxımından qlobal öhdəliklərin yerinə yetirilməsinin və heç kimin diqqətdən kənarda qalmamasının vacibliyi vurğulanıb. Eyni zamanda, Baş Assambleyanın inklüziv şəhərsalma, iqlim dayanıqlılığı və dayanıqlı idarəetmə məsələlərinə həsr olunmasının Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası baxımından xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə