"Zəngilan dünyanın logistika mərkəzinə yerləşdirilir" - ŞƏRH EDİLDİ

"Cənab Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər səfərinin özü tarixi bir hadisədir. Xüsusilə onu qeyd etməliyik ki, möhtərəm Prezidentimiz atdığı addımlarının zamanını və məkanını nə tələsmədən, heç gecikmədən korrekt müəyyənləşdirən Liderdir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin doğum günüdür. Həmin bu doğum gününü Qarabağ və Şərqi Zəngəzurda keçirməyin rəmzi məna daşıdığı qədər, bu bir daha ondan xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin siyasətinin davamçıları, onun vəsiyyətinə sadiq olan insanlar, başda Müzəffər Ali Baş Komandanımız İlham Əliyev olmaqla, bu torpaqları yenidən qurur, yaradır: "Hər bir qarış torpaq məhz Azərbaycan xalqına məxsusdur və azərbaycanlıların mənəvi, tarixi, hüquqa istinadən haqqı çatır ki, bu torpaqları qursun və yaratsın. Ulu öndərimizin tariximizdəki rolunu isə heç nə və heç kəs dana bilməz. Məhz bu fədakar şəxsiyyətin gərgin əməyi nəticəsində Azərbaycan ən çətin məqamda belə öz müstəqilliyini qoruya bildi.

Laçının, Kəlbəcərin erməni işğalına məruz qalması özbaşınalığın, anarxiyanın, təxribatçı və xəyanətkar fəaliyyətin nəticəsi idi. Ümummilli Lider Heydər Əliyev xalqımızı vətəndaş müharibəsinin caynağından qopara bildi.

Vaxt var idi Şuşa ilə bağlı pafoslu cümlələr quran hər kəsi tarix özü gün işığına çıxartdı. Ümummilli Lider xəyanətkar əməllərin hər birinin qarşısını aldı və Ümummilli Lider Heydər Əliyevin idealları ilə böyüyən insanlar Qarabağ və Şərqi Zəngəzuru azad etdilər. Çünki məhz Ulu öndərimizin idealları gələcəyə işıq tutur.

Müzəffər Ali Baş Komandan İlham Əliyev keçmişimizə, tariximizə, əməyimizə ehtiram duyaraq, həm də gələcəyimizi düzgün müəyyənləşdirərək siyasətdə korrekt addımlar atır. Azərbaycan öz resursları hesabına torpaqlarını yenidən qurur. Dövlətimiz boş sözlərlə deyil, konkret əməllərlə özünü təsdiq edir.

Cənab Prezident İlham Əliyev hər çıxışında bildirir ki, bizim bütün hərbçilərimiz, qəhrəman döyüşçülərimiz ən yüksək qiymətə layiqdir. Çünki bu xalqın nümayəndələri həm döyüş meydanında, həm siyasi müstəvidə, bütün cəbhələrdə iradə, peşəkarlıq, həmçinin xalqımıza məxsus olan ən yüksək mənəvi keyfiyyətləri ləyaqəti, sədaqəti, mətanəti nümayiş etdirdilər.

Cənab Prezident İlham Əliyevin sözü ilə əməli arasında hər zaman koordinasiya və uyğunluq olub. Ermənistan torpaqlarımızı “İskəndər-M”, “Skad” və digər ballistik uzaq mənzilli raketlərlə vururdu, mülki əhaliyə qarşı müharibə aparırdı. Bu həm birinci Qarabağ müharibəsində bu cür oldu, həm də ikinci Qarabağ müharibəsində. Lakin Azərbaycan dövləti və Azərbaycan döyüşçüsü bir dənə olsun belə mülki obyekti hədəf almadı. Bax, budur ortada olan fərq. Odur ki, sərhəddə keşik çəkənlər gözlərini açıb bu fərqi yaxşı görməlidirlər.

Bu gün artıq torpaqlarımız yenidən qurulur. Zəngilanda hava limanı, konqres mərkəzi fəaliyyət göstərir, kənd təsərrüfatı müəssisələri açılır. Zəngilan strateji baxımdan olduqca önəmli bir zonadır, çünki Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Azərbaycan dövlətinin hədəflərindən biri ondan ibarətdir ki, Zəngilanı Azərbaycanın və bütövlükdə regionun nəqliyyat mərkəzlərindən birinə çevirsin.

Zəngilan strateji baxımdan böyük əhəmiyyətə malik bir regiondur. Zəngəzur dəhlizi açıldıqdan sonra iki ölkə arasında sərhəd-keçid məntəqəsi olacaq ki, bu da Zəngilanı daha da seçilən edəcək. Bu baxımdan təbii ki, Zəngilan rayonunun dirçəldilməsinə xüsusi əhəmiyyət verilir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, həm də buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə keçmək olar. Bu, təbii ki, ondan xəbər verir ki, Zəngilan regionun deyil, artıq dünyanın logistika mərkəzinə yerləşdirilir. Bu, cənab Prezident İlham Əliyevin atdığı addımların və müəyyənləşdirdiyi planların gerçəkləşməsi deməkdir. Deməli, dövlətimiz planlı şəkildə və uzaqgörən strategiya əsasında addımlar atır. Bu addımlar xarici siyasətə olduğu qədər daxili siyasətə də müsbət təsir edəcək, çünki insanların məşğulluğu, təhsili, iqtisadiyyat üçün böyük töhfələr verəcək bir amildir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə