“Bu, görüş Azərbaycanın milli maraqlarını birbaşa Avropa tərəfinə çatdırmaq üçün mühüm platformadır” - ŞƏRH

“Cənab Prezident İlham Əliyevin Avropa İttifaqının ali nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi Azərbaycan–Aİ münasibətlərində siyasi dialoqun davam etdiyini göstərən vacib mesajdır. Bu görüş xüsusilə enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat marşrutları və iqtisadi əməkdaşlıq baxımından əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün əsas məsələ münasibətlərin qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsipi üzərində qurulmasıdır:

“Ölkəmiz xüsusilə ölkənin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə müdaxilə edilməməsi məsələlərinə həssas yanaşır. Bu baxımdan görüş Azərbaycanın milli maraqlarını birbaşa Avropa tərəfinə çatdırmaq üçün mühüm platformadır.

Eyni zamanda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır. Xüsusilə Cənub Qaz Dəhlizi və Orta Dəhliz layihələri fonunda Avropa İttifaqı Azərbaycanı regionun əsas strateji tərəfdaşlarından biri kimi görür. Bu görüş onu da göstərir ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və praqmatik xarici siyasət nəticəsində Azərbaycan həm Qərb, həm də digər regional güclərlə münasibətlərdə öz milli maraqlarını qoruyaraq müstəqil siyasət yürüdə bilir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə