“Forum Azərbaycanın şəhərsalma infrastrukturunu beynəlxalq miqyasda nümayiş etdirəcək” - POLİTOLOQ DANIŞDI
“World Urban Forum 13-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq mövqeyi baxımından çox mühümdür. Belə ki, Bu forum dünyanın şəhərsalma, urbanizasiya, dayanıqlı inkişaf və gələcək şəhər modelləri ilə bağlı ən böyük qlobal platformalarından biridir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, uzun illər Azərbaycan əsasən enerji resursları və geosiyasi mövqeyi ilə tanınırdı:
”İndi isə Bakı özünü qlobal tədbirlərin keçirildiyi, beynəlxalq dialoqların formalaşdığı və yeni inkişaf modellərinin müzakirə edildiyi mərkəz kimi təqdim edir. Müasir dünyada dövlətlərin nüfuzu təkcə iqtisadi və hərbi güclə yox, beynəlxalq platformalar yaratmaq qabiliyyəti ilə də ölçülür.
Forum Azərbaycanın şəhərsalma və infrastruktur siyasətini beynəlxalq miqyasda nümayiş etdirmək üçün də böyük imkan yaradır. Son illərdə Bakının transformasiyası, nəqliyyat sistemlərinin yenilənməsi, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma layihələri Azərbaycanın əsas təqdimat mövzularından biri olacaq. Bu isə ölkəmizə həm siyasi, həm də iqtisadi baxımdan əlavə üstünlüklər verir. Çünki forum çərçivəsində Azərbaycan təkcə ev sahibi kimi yox, urbanizasiya və müasir şəhər idarəçiliyi sahəsində təcrübə təqdim edən ölkə kimi çıxış edə biləcək.
Ən vacib məqamlardan biri isə Qarabağ və Şərqi Zəngəzurla bağlıdır. Azərbaycan bu forum vasitəsilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələrini beynəlxalq auditoriyaya nümayiş etdirmək imkanı qazanacaq. Bakı göstərməyə çalışacaq ki, dağıdılmış ərazilər qısa müddətdə müasir urbanizasiya layihələrinin tətbiq olunduğu yeni inkişaf zonasına çevrilir.
WUF13 eyni zamanda Azərbaycanın beynəlxalq əlaqələr şəbəkəsini genişləndirəcək. Dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, şəhər rəhbərləri, investorlar, beynəlxalq təşkilatlar və ekspertlər Bakıya gələcək. Bu isə Azərbaycanın yumşaq güc imkanlarını artıracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB