“Laçın keçid məntəqəsi təhlükəsizlik, sərhəd idarəçiliyi və sabitlik də mühüm rol oynayır” - DEPUTAT DANIŞDI

“2023-cü il aprelin 23-də Azərbaycanın suveren hüquqlarının təmin olunması istiqamətində mühüm tarixi addımlardan biri atılaraq Laçın sərhəd-keçid məntəqəsin yaradıldı”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, bu qərar dövlət sərhədlərinin mühafizəsi, qanunsuz hərəkətlərin qarşısının alınması və bölgədə təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyırdı:

” Laçın sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn suveren hüquqlarının praktiki təsdiqi kimi tarixə düşdü.
Bu mühüm hadisənin ildönümündə vurğulamaq lazımdır ki, Laçın sərhəd-keçid məntəqəsinin təsis edilməsi regionda yeni reallıqların formalaşmasının, dövlət nəzarətinin bərpasının və milli maraqların qətiyyətlə qorunmasının bariz nümunəsidir. Bu addım həm də Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı məsələsində prinsipial mövqeyini nümayiş etdirdi.
Ötən müddət ərzində Laçın sərhəd-keçid məntəqəsi dövlət təhlükəsizliyinin təminində, sərhəd idarəçiliyinin səmərəli təşkilində və sabitliyin qorunmasında mühüm rol oynayıb.

Eyni zamanda bu məntəqə regionda hüquqi əsaslara söykənən münasibətlərin möhkəmlənməsinə və qanunun aliliyinin təmininə xidmət edən vacib mexanizm kimi çıxış edib.

Bu ildönümü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələnin xatırlanması, əldə olunmuş nailiyyətlərin dəyərləndirilməsi və milli suverenliyin daha da möhkəmləndirilməsi baxımından əlamətdar gündür. Laçın sərhəd-keçid məntəqəsinin yaradılması xalqımızın iradəsinin, dövlətimizin gücünün və müstəqil siyasət kursunun təntənəsi kimi qiymətləndirilir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə