"Parlamentlərarası dostluq qrupları iki ölkə arasında siyasi dialoqu dərinləşdirir" - MÖVQE
"Azərbaycan ilə İrlandiya arasında diplomatik münasibətlər 1996-cı ildə qurulmuşdur. Bu münasibətlərin 30 illik yubileyi ərəfəsində İrlandiya–Azərbaycan parlamentlərarası dostluq qrupunun ölkəmizə səfəri xüsusi əhəmiyyət daşıyır".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, bu səfər çərçivəsində keçirilən görüşlər və səsləndirilən fikirlər yalnız parlamentlərarası əlaqələrin inkişafına deyil, eyni zamanda iki ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlərin genişlənməsinə də xidmət edir: "Qeyd etmək lazımdır ki, daha əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın İrlandiyaya səfəri zamanı da əlaqələrin inkişafı ilə bağlı mühüm razılaşmalar əldə olunmuş, parlamentlərarası dostluq qruplarının fəaliyyəti üçün əsas yaradılmışdı.
Son illər ərzində bu razılaşmaların praktik nəticələr verməsi və münasibətlərin qısa müddətdə inkişaf etməsi olduqca müsbət haldır. Xüsusilə diqqət çəkən məqamlardan biri İrlandiyalı parlamentarilərin səfərlərini Bakıda yerləşən Zəfər Abidəsini ziyarət etməklə başlamaları oldu. Bu addım Azərbaycanın ədalətli mövqeyinə və əldə etdiyi qələbəyə verilən obyektiv münasibətin göstəricisi kimi dəyərləndirilə bilər.
Bu yanaşma, eyni zamanda bəzi Avropa ölkələrinin parlamentlərində Azərbaycana qarşı qəbul olunan qərəzli qərarlardan fərqli olaraq, daha balanslı və ədalətli mövqenin mövcud olduğunu göstərir. Bu baxımdan Avropa məkanında belə obyektiv yanaşmalar xüsusi əhəmiyyət kəsb edir.
Müsbət siyasi atmosfer iki ölkə arasında iqtisadi əlaqələrin də inkişafına təkan verir. Son illərdə ticarət dövriyyəsində artım müşahidə olunur və bu tendensiyanın davam edəcəyi gözlənilir.
Eyni zamanda parlament diplomatiyasının rolu da xüsusi qeyd olunmalıdır. Azərbaycan parlamentinin beynəlxalq platformalarda fəal iştirakı, o cümlədən beynəlxalq tədbirlərdə ölkəmizin mövqeyinin aydın şəkildə ifadə olunması Azərbaycanın haqlı mövqeyinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Azərbaycan və İrlandiya arasında parlamentlərarası əməkdaşlığın inkişafı, dostluq qruplarının fəaliyyəti və qarşılıqlı səfərlər ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, xüsusilə Avropa məkanında daha obyektiv yanaşmaların formalaşmasına töhfə verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB