“Urbanizasiya şəhərsalmanın və müasir infrastrukturun inkişafını zəruri edir” -ŞƏRH EDİLDİ
“Urbanizasiya prosesinin sürətlənməsi müasir dövrdə şəhərsalma və yaşayış mühitinin keyfiyyəti məsələlərini qlobal miqyasda aktual problemə çevirmişdir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, İnsanların getdikcə daha çox şəhərlərdə məskunlaşması infrastrukturun planlaşdırılması, dayanıqlı inkişaf və müasir texnoloji həllərin tətbiqini zəruri edir: “Bu baxımdan beynəlxalq forumlar təcrübə mübadiləsi və elmi-praktiki yanaşmaların paylaşılması üçün mühüm platforma rolunu oynayır.
Belə tədbirlər müxtəlif ölkələrin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin müqayisəli təhlilinə imkan yaradır. İştirakçılar innovativ modelləri və tətbiq etdikləri metodları təqdim edərək, onların effektivliyini elmi əsaslarla müzakirə edirlər. Bu proses nəticəsində müxtəlif yanaşmaların üstünlükləri və məhdudiyyətləri müəyyənləşdirilir, eləcə də onların tətbiq sahələri aydınlaşdırılır.
Şəhərsalma siyasətində hər bir ölkənin coğrafi, iqlim və geoloji xüsusiyyətləri mühüm determinant kimi çıxış edir. Buna görə də beynəlxalq təcrübənin mexaniki şəkildə deyil, yerli şəraitə adaptasiya olunmuş formada tətbiqi xüsusi elmi və praktiki əhəmiyyət daşıyır.
Azərbaycan son illərdə bu istiqamətdə əhəmiyyətli inkişaf yolu keçmişdir. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən yenidənqurma layihələri müasir şəhərsalma yanaşmalarının tətbiqi baxımından mühüm nümunə kimi çıxış edir. Bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, rəqəmsal idarəetmə sistemləri, innovativ texnologiyalar və bərpa olunan enerji mənbələrindən istifadə dayanıqlı inkişaf modelinin tərkib hissəsinə çevrilmişdir.
Bu yanaşmanın əsas məqsədi yalnız mövcud ehtiyacların qarşılanması deyil, həm də uzunmüddətli perspektivdə ekoloji, iqtisadi və sosial baxımdan dayanıqlı yaşayış mühitinin formalaşdırılmasıdır. Beləliklə, Azərbaycan həm beynəlxalq təcrübədən bəhrələnən, həm də öz modelini formalaşdıran aktor kimi çıxış edir.
Bakıda keçirilən beynəlxalq forumlar isə bu prosesdə mühüm rol oynayaraq yeni elmi-texnoloji yanaşmaların ölkəyə transferinə şərait yaradır. Xarici ekspertlərin təqdim etdiyi modellərin yerli şəraitə uyğunlaşdırılması innovativ inkişafın sürətlənməsinə xidmət edir.
Bu cür forumlar yalnız fikir mübadiləsi platforması deyil, həm də şəhərsalma sahəsində strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verən elmi-praktik mexanizmdir. Azərbaycanın bu proseslərdə fəal iştirak etməsi isə ölkənin beynəlxalq elmi və texnoloji əməkdaşlıq sistemində mövqeyinin gücləndiyini göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB