Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında ərazi partiya təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında keçirilən iclasda partiyanın Mərkəzi Aparatının tapşırıqlarından irəli gələn məsələlərin icrası, o cümlədən 16 mart 2026-cı il tarixində ümumrespublika üzrə onlayn keçirilən iclasdan irəli gələn vəzifələrin yerinə yetirilməsi müzakirə olunmuşdur.

İclas başlamazdan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək qarşıda duran əsas vəzifələr, partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və verilmiş tapşırıqların icra mexanizmləri barədə ətraflı məlumat verib. Muxtar Nağıyev vurğulayıb ki, ərazi partiya təşkilatlarının fəaliyyətində operativlik, təşəbbüskarlıq və intizam əsas prioritetlərdəndir, verilmiş tapşırıqların vaxtında və düzgün icrası isə əsas tələb kimi qarşıya qoyulub.

Daha sonra çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov tədbir iştirakçılarına partiya sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqovun salamlarını çatdırdı. O, nitqində YAP-ın VII Qurultayından ötən dövr ərzində partiyanın gördüyü işlərdən və əldə etdiyi uğurlardan danışmış, Səbail rayon təşkilatının bu dövrdə müsbət fəaliyyətini vurğulayaraq struktur daxilində ərazi partiya təşkilatları və yerli təşkilatın aparatı ilə qarşılıqlı əlaqələrin gücləndirilməsini, partiya işində gənclərin siyasi fəaliyyətinin artırılmasını, onlarla müntəzəm işin aparılmasını qeyd etmişdir.

Görüşdə həmçinin ərazi partiya təşkilatlarının rəhbərləri də çıxış ediblər. Parlament prospekti 1 ünvanında yerləşən Ərazi Partiya Təşkilatının sədri Adil Vəliyev rəhbərlik etdiyi təşkilatda həyata keçirilən tədbirlər, üzvlərlə işin təşkili və yerli səviyyədə partiya fəallığının artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən Ərazi Partiya Təşkilatının sədri Şaiq Əsgərov isə çıxışında rəhbərlik etdiyi kollektivin fəaliyyəti, qarşıda duran vəzifələr və perspektiv planlar barədə danışıb. O qeyd edib ki, təşkilat daxilində nizam-intizamın möhkəmləndirilməsi, üzvlərin aktivliyinin artırılması əsas fəaliyyət istiqamətlərindəndir.

YAP Səbail rayon təşkilatının gənclər və gender məsələləri üzrə məsləhətçisi Lamiyə Hacızadə ƏPT-lərdə təşkilati işlərin daha da gücləndirilməsi, üzvlərlə mütəmadi əlaqələrin qurulması və onların təşəbbüslərinin dəstəklənməsinin əsas prioritetlərdən olduğunu bildirib. O, ərazi partiya təşkilatlarında gənclərin fəallığının artırılması, yeni üzvlərin partiyaya cəlb olunması və üzvlərlə mütəmadi işin qurulmasının vacibliyini vurğulayıb, qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər və prioritetlər barədə də məlumat verib.

Təşkilatın təşkilati məsələlər üzrə məsləhətçisi Sübhan Ərəbi isə hesabatlılıq və daxili koordinasiya məsələləri barədə məlumat verib.

Görüşün sonunda müzakirə olunan məsələlər üzrə müvafiq tapşırıqlar verilib, qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Tədbir iştirakçıları partiya fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində səylərin davam etdiriləcəyini bildiriblər.

Tədbir çərçivəsində partiya fəallarına göstərdikləri fəallığa görə təşəkkürnamələr təqdim edilib və onlara xatirə hədiyyələri verilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilmişdir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə