"Qlobal münasibətlər daha da mürəkkəbləşir" - ŞƏRH

"Donald Trump administrasiyasının Amerika Birləşmiş Ştatlarında hakimiyyətə gəlməsindən sonra dünya siyasətində mövcud olan beynəlxalq düzən və qaydalar sistemində ciddi dəyişikliklər müşahidə olunmuşdur".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, bu dövr ərzində həm hərbi, həm də iqtisadi xarakterli ittifaqlarda zəifləmə meyilləri artmış, bəzi beynəlxalq birliklər və əməkdaşlıq platformaları funksional təsirini qismən itirmişdir: "Eyni zamanda, dövlətlərarası münasibətlərdə gərginliyin artması, mövcud müttəfiqliklərin dəyişməsi və yeni geosiyasi bloklaşmaların yaranması müşahidə olunur.

Bunun fonunda beynəlxalq sistemdə əvvəlki sabitlik modeli zəifləyərək daha qeyri-müəyyən və dəyişkən bir mühit formalaşmışdır. Bu proseslər beynəlxalq münasibətlər sistemində qeyri-sabitlik elementlərinin güclənməsi ilə müşayiət olunur.

Bu vəziyyətdən çıxış yolu kimi beynəlxalq hüquq normalarının rolunun gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Dövlətlərin suveren hüquqlarının qorunması, beynəlxalq münasibətlərin hüquqi çərçivədə tənzimlənməsi və güc amilinin hüquqla əvəz olunması qlobal sabitlik üçün əsas şərtlərdən biridir.

Birləşmiş Millətlər Təşkilatı-nın mövcud qlobal proseslərdə təsir imkanlarının artırılması və ya zərurət yarandığı təqdirdə təşkilatın institusional islahatlar vasitəsilə daha effektiv modelə uyğunlaşdırılması məsələsi də müzakirə mövzusudur.

Ümumilikdə, beynəlxalq sabitlik və sülhün təmin olunması üçün beynəlxalq hüquq sisteminin daha effektiv işləməsi, hüquq normalarının universal şəkildə tətbiqi və dövlətlər arasında ədalətli münasibətlər sisteminin formalaşdırılması əsas prioritet olaraq qalır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə