“Çin-Azərbaycan əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib” - Lu Mey

“Keçən il Çin-Azərbaycan münasibətləri tarixinə əhəmiyyətli il kimi daxil oldu. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki dəfə görüşərək, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin yaradılması barədə birgə bəyanat verdilər. Bu, əlaqələrimizi keyfiyyətli və hərtərəfli inkişafın yeni mərhələsinə çıxardı. İl ərzində tərəflər bütün səviyyələrdə əlaqələri qorumaq, dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsini dərinləşdirmək, humanitar mübadilələri təşviq etmək və xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirmək öhdəliyi daşıyırlar”.

SİA xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey “İki sessiyanın nəticələri və Çin-Azərbaycan əlaqələri” mövzusunda keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

Səfir çıxışında vurğulayıb ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli birgə quruculuq prinsipi əsasında inkişaf strategiyalarının uyğunlaşdırılması vacibdir və bu, hər iki ölkənin modernləşməsini və xalqların rifahını təşviq edir. Lu Mey qeyd edib ki, Çin Azərbaycanla əməkdaşlığa hazırdır, həmçinin Azərbaycanda keçiriləcək Cənubi və Şərqi Asiya ölkələrinin liderlərinin sammiti (CŞAEALS) və digər beynəlxalq tədbirlərdə aktiv iştirak edəcək.

O, həmçinin ABŞ və İsrailin İran ərazisinə hərbi hücumlarının başlanması zamanı Azərbaycan hökumətinin Çin vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərdiyi dəstəyə xüsusi toxunub və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Səfir bildirib ki, gələcəkdə iki ölkə arasında parlamentlər, hakim partiyalar, ticarət, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıq zəngin gündəmi əhatə edəcək və Çin–Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının inkişafına töhfə verməyə davam edəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə