“Müasir dövrdə seçkilərdə kimlik amili daha çox ön plana çıxır” - Romano Prodi

“Vəziyyət belədir ki, müəyyən mənada bu proses seçki ehtiyaclarının nəticəsi olaraq meydana çıxır. Demokratiyanın ikinci inkişaf mərhələsində isə kimlik məsələsi ön plana çıxır. İnsanlar artıq yalnız iqtisadi məsələlərə – pul və rifaha görə səs vermirlər, daha çox kimlik üzərində seçim edirlər. Kimlik artıq siyasi mübarizənin əsas elementlərindən birinə çevrilir”.

SİA xəbər verir ki, bu fikirləri İtaliyanın Baş naziri (1996–1998, 2006–2008), Avropa Komissiyasının prezidenti (1999–2004) Romano Prodi XIII Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.

Romano Prodi bildirib ki, bu tendensiya Avropada anti-Avropa mövqeyi ilə çıxış edən bəzi siyasi qüvvələrin güclənməsinə də təsir göstərir: “Bu partiyaların əsas prinsiplərindən biri seçkilərin kimlik üzərində qurulmasıdır və bu yanaşma siyasi proseslərin istiqamətinə müəyyən təsir göstərir”.

O qeyd edib ki, hazırda dünyada bir çox institutların fəaliyyəti çətinliklərlə üzləşir: “Bu gün həm milli, həm də beynəlxalq səviyyədə bir sıra institutların demək olar ki, paralizə olunmuş vəziyyətdə olduğunu görürük. Bu şəraitdə addım-addım irəliləmək və mövcud strukturları yenidən təşkil etmək lazımdır. Digər dəyişikliklər isə daha geniş siyasi baza tələb edir və onların həyata keçirilməsi daha çətindir”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə