“Avropa Birliyi Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirir” - ŞƏRH EDİLDİ

“Avropa Şurası və Azərbaycan arasında artıq uzun müddətdir ki, möhkəm siyasi və iqtisadi əlaqələr mövcuddur”.

Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bəzi Avropa ölkələrinin Azərbaycana qarşı ədalətsiz mövqeyinə baxmayaraq, ümumilikdə Avropa Birliyi Azərbaycanın tutduğu mövqeyi və onun ayrı-ayrı məsələlərə konstruktiv yanaşmasını yüksək qiymətləndirir:

“Bu məsələlər arasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol xüsusi əhəmiyyət kəsb edir. Avropa qitədən kənar mənbələrdən enerji resurslarının cəlb olunmasında maraqlıdır.

Lakin bəzi siyasi məsələlər bəzən seçim imkanlarını məhdudlaşdırır və ya hansısa bir dövlət problem yaradır. Buna baxmayaraq, Azərbaycanın artıq 10 Avropa ölkəsini qazla təchiz etməsi Avropa üçün olduqca əhəmiyyətlidir.

Eyni zamanda Azərbaycan iqtisadiyyatı da Avropa kapitalı və Avropa ilə birgə iqtisadi əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. Cənab Kostanın Avropa İttifaqı Şurasının Prezidenti kimi Azərbaycana ilk səfəri idi. Bu səfər çərçivəsində cənab Prezident İlham Əliyev ilə keçirilən görüşlərdə həm enerji təhlükəsizliyi, həm də qlobal məsələlər geniş şəkildə müzakirə olundu. Görünən odur ki, səfər uğurla baş tutdu. Tərəflər qarşılıqlı əlaqələrə yüksək qiymət verdiklərini vurğuladılar və bundan sonra da münasibətlərin daha da inkişaf edəcəyinə ümidlər böyükdür”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə