“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq və əməkdaşlıq platformasına çevrilib” - DEPUTAT DANIŞDI

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq qlobal dialoq və əməkdaşlıq platformasına çevrilib. Qlobal çağırışların artdığı bir dövrdə beynəlxalq dialoq və əməkdaşlıq platformalarının rolu daha da aktuallaşır”.

Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.

Onun sözrinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal səviyyədə fikir mübadiləsinin və konstruktiv müzakirələrin aparıldığı nüfuzlu təşkilatlardan biri kimi diqqət çəkir:

”Azərbaycan Prezidenti İlham Əliyev bu gün XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı Mərkəzin beynəlxalq nüfuzunu xüsusi vurğulayaraq qeyd edib ki, bu platforma dünyanın müxtəlif bölgələrindən siyasi liderləri, ekspertləri və ictimai xadimləri bir araya gətirir.

2012-ci ildə yaradılan Mərkəzin fəaliyyəti əsasən beynəlxalq təhlükəsizlik, davamlı inkişaf, multikulturalizm, enerji təhlükəsizliyi və humanitar məsələlər kimi mövzuların müzakirəsinə yönəlib. Burada təşkil olunan forum və konfranslar müxtəlif ölkələrdən sabiq dövlət və hökumət başçılarını, tanınmış alimləri və ekspertləri bir araya gətirərək qlobal gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsinə imkan yaradır.

Mərkəzin ən mühüm təşəbbüslərindən biri olan “Qlobal Bakı Forumu” na maraq ilbəil artır. Hər il keçirilən forumda dünya siyasətində, iqtisadiyyatında və təhlükəsizlik mühitində baş verən dəyişikliklər müzakirə olunur. Forum qlobal problemlərin həlli üçün yeni ideyaların və əməkdaşlıq mexanizmlərinin formalaşmasına töhfə verir.

Eyni zamanda Mərkəz Azərbaycanın beynəlxalq arenada təqdimatını həyata keçirir. Həmçinin bu platforma müxtəlif ölkələr arasında etimadın və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir. Bu baxımdan Mərkəzin qlobal əməkdaşlığın inkişafına töhfə verən aparıcı beynəlxalq təsisatlardan biri kimi əhəmiyyəti getdikcə artmaqdadır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə