Azərbaycan nümayəndə heyəti Qars valiliyi və bələdiyyəsində görüşlər keçirib - FOTOLAR

Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti martın 5-də Qars Bələdiyyə Başqanı Ötüken Senger və Qars valisi Ziya Polat ilə görüşlər keçirib.

SİA xəbər verir ki, görüşlər zamanı dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyi, tərəfdaşlıq və müttəfiqlik ruhunun daha da möhkəmləndiyi qeyd olunub. Bu əməkdaşlığın regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də türk dünyasında həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Həmçinin Qarsda azərbaycanlı soydaşlarımızın sıx yaşadığı bölgələrdə milli-mənəvi dəyərlərin yaşadılması, tarixi-mədəni bağlılığın qorunması baxımından birgə təşəbbüslərin əhəmiyyətinə toxunulub. Ramazan ayı çərçivəsində təşkil olunan iftar süfrələrinin soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsində mühüm platforma olduğu bildirilib.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə