"Azərbaycan Avropanın enerji bazarında mövqeyini genişləndirir" - ŞƏRH EDİLDİ

"Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda Azərbaycanın enerji siyasəti daha da strateji əhəmiyyət qazanıb. Xüsusilə Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycan kimi etibarlı və sabit tərəfdaşların rolunu artırır. Bu baxımdan Azərbaycanın Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək planları həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq uzun illərdir ki, enerji diplomatiyasını xarici siyasətin əsas istiqamətlərindən birinə çevirib: "Cənub Qaz Dəhlizi kimi iri enerji layihələrinin həyata keçirilməsi nəticəsində ölkə Avropa üçün alternativ və etibarlı qaz mənbələrindən birinə çevrilib. Hazırda Avropa İttifaqının 10 üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi bu əməkdaşlığın real nəticəsidir və bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir. Almaniya və Avstriya kimi böyük enerji bazarlarına qaz tədarükünün başlanması Azərbaycanın enerji ixrac coğrafiyasının genişləndiyini göstərir. Bu, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daha mühüm rol oynamağa başladığını nümayiş etdirir. Xüsusilə son illərdə Avropada enerji təchizatının şaxələndirilməsi siyasəti həyata keçirilir və Azərbaycan bu siyasətin əsas tərəfdaşlarından biri kimi çıxış edir. Azərbaycanın yeni qaz yataqlarının işlənməsi və hasilatın artırılması ilə bağlı planları ölkənin enerji potensialının uzunmüddətli perspektivdə də yüksək olduğunu göstərir. Bu isə yalnız enerji ixracının artırılması deyil, həm də Azərbaycanın beynəlxalq enerji bazarında mövqeyinin möhkəmlənməsi deməkdir.

Azərbaycan paralel şəkildə bərpaolunan enerji sahəsinə də böyük investisiyalar yatırır. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi gələcəkdə ölkənin enerji siyasətinin daha balanslı və dayanıqlı olmasına imkan yaradır. Bu yanaşma Azərbaycanın yalnız karbohidrogen resurslarına əsaslanan enerji siyasəti aparmadığını göstərir və ölkəni qlobal enerji keçidi prosesində də mühüm iştirakçıya çevirir. Azərbaycanın Avropanın enerji bazarında mövqeyini genişləndirməsi ölkənin beynəlxalq siyasətdə rolunu gücləndirən əsas amillərdən biridir. Bu proses həm iqtisadi gəlirlərin artmasına, həm də Azərbaycanın Avrasiya məkanında strateji enerji tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə