"Azərbaycanın rolu həm enerji istehsalçısı, həm də tranzit ölkə kimi artır" - ŞƏRH EDİLDİ

"Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarının Azərbaycana səfəri və İlham Əliyevlə görüşü hazırkı geosiyasi şəraitdə tam anlaşılan və məntiqli bir addımdır. Çünki Yaxın Şərqdə, xüsusilə də İran ətrafında baş verən gərginliklər, eləcə də artıq dörd ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi Avropa enerji bazarlarında ciddi narahatlıq və qeyri-müəyyənlik yaratmaqda davam edir".

Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, bu narahatlıq yalnız nəzəri ehtimallara əsaslanmır, artıq real iqtisadi göstəricilərdə də özünü göstərir: "Ukrayna müharibəsi başladıqdan sonra Avropada Rusiya enerji resurslarına qarşı sanksiyalar tətbiq edildi və bunun nəticəsində müəyyən enerji qıtlığı riskləri meydana çıxdı. Son dövrlərdə isə İran ətrafında baş verən hərbi gərginliklər və bəzi enerji infrastruktur obyektlərinə zərbələrin endirilməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Nəticədə Avropa bazarlarında enerji təhlükəsizliyi ilə bağlı yeni risklər yaranıb.

Artıq son günlərdə təbii qazın qiymətlərində ciddi artımlar müşahidə olunur. Eyni zamanda enerji tədarükünün azalması ehtimalı Avropanın yeni bir sınaqla üz-üzə qaldığını göstərir. Bu isə Avropanın enerji təhlükəsizliyi siyasətinə yenidən baxmasını zəruri edir.

Məhz bu məqamda Azərbaycanın həm enerji istehsalçısı, həm də tranzit ölkə kimi rolu daha da artır. Azərbaycan artıq bir neçə ildir ki, Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir və mövcud geosiyasi vəziyyət bu rolun daha da güclənəcəyini göstərir. Avropa İttifaqı da anlayır ki, ABŞ-dan yüksək qiymətlərlə alınan enerji resursları və Yaxın Şərq regionunda tədarükün qeyri-sabitliyi fonunda alternativ marşrutlara ehtiyac var.

Bu baxımdan Orta Dəhliz və ümumilikdə Cənubi Qafqaz xətti Avropa üçün ən real və təhlükəsiz alternativlərdən biri hesab olunur. Azərbaycan həm öz enerji resursları ilə, həm də tranzit ölkə kimi Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında mühüm rol oynaya bilər.

Təsadüfi deyil ki, Avropa Komissiyasının nümayəndəsi də Azərbaycana səfərindən sonra qeyd etmişdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün mühüm tərəfdaşdır və bu sahədə xüsusi əhəmiyyət daşıyır.

Ümumilikdə Azərbaycan və Mərkəzi Asiya ölkələri tam şəkildə olmasa da, Avropanın enerji ehtiyaclarının müəyyən hissəsini qarşılamaq imkanına malikdirlər. Bu isə Avropa üçün həyati əhəmiyyət daşıyır. Bir tərəfdən enerji qiymətlərinin kəskin artmasının qarşısını ala bilər, digər tərəfdən isə enerji qıtlığı riskini minimuma endirə bilər.

Bu baxımdan Avropanın Azərbaycan və Mərkəzi Asiya regionuna münasibətində daha praqmatik yanaşma formalaşmalıdır. Eyni zamanda Azərbaycan da yaranmış bu geosiyasi fürsətdən maksimum istifadə etməlidir. Bu yalnız əlavə iqtisadi gəlirlər baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Çünki qlobal qarşıdurmaların artdığı bir dövrdə Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan birinə çevrilmək Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq, onun çoxtərəfli xarici siyasətinə əlavə imkanlar yaradacaq və ölkənin strateji əhəmiyyətini daha da yüksəldəcək. Eyni zamanda bu, Azərbaycanın təhlükəsizliyi baxımından da mühüm siyasi nəticələr doğura bilər. Çünki Avropa özü maraqlı olacaq ki, onun enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələr sabit və təhlükəsiz olsunlar*.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə