Milli Məclisdə Ombudsmanın illik məruzəsi müzakirə olunur

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə illik məruzəsi müzakirəyə çıxarılıb.

SİA xəbər verir ki, məruzəni Səbinə Əliyeva təqdim edir.

Sənəddə Ombudsman təsisatı tərəfindən ötən il ərzində görülmüş işlər, vətəndaş müraciətləri ilə bağlı həyata keçirilmiş tədbirlər, həmçinin növbəti dövr üçün prioritet istiqamətlər və təkliflər əksini tapıb.

Məruzədə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Bu proses eyni zamanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması və güclü dövlət quruculuğunun yeni mərhələyə yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır. Qeyd olunub ki, həyata keçirilən tədbirlər milli dəyərlərin təşviqinə və fundamental hüquqların bərpasına xidmət edir.

Sənəddə vurğulanır ki, ötən il ölkə üçün ictimai-siyasi, sosial və institusional islahatlarla zəngin bir dövr olub. Qlobal və regional çağırışlar fonunda beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi, sosial rifahın yüksəldilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində kompleks tədbirlər görülüb.

Torpaqların işğaldan azad olunmasından sonra başlanan yeni mərhələnin geniş quruculuq layihələri, dayanıqlı sülh və tərəqqi məqsədləri ilə səciyyələndiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu istiqamətdə həyata keçirilən işlər bir sıra ölkələr üçün nümunə ola bilər.

Qeyd edilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir infrastrukturun qurulması, iqtisadi fəaliyyətin bərpası və sosial xidmətlərə çıxışın təmin olunması istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlər uzun illər doğma yurdlarından didərgin düşmüş vətəndaşların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaradıb.

Həmçinin vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə dağıdılmış tarixi, mədəni və dini abidələrin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Məruzədə Azərbaycanın iqtisadi inkişafı və fəal xarici siyasətinin regional sülh və təhlükəsizlik gündəliyinin irəli aparılmasına əlverişli zəmin yaratdığı qeyd olunub. Siyasi sabitlik və sosial həmrəyliyin Azərbaycan–Ermənistan münasibətlərində sülh prosesinin yeni mərhələyə keçməsinə töhfə verdiyi bildirilib.

Eyni zamanda, insan hüquq və azadlıqlarının qorunması və təşviqi istiqamətində Ombudsman institutunun fəaliyyətinin daha da təkmilləşdirildiyi, hüquq pozuntularının qarşısının alınması və hüquqi maarifləndirmənin artırılması istiqamətində çoxşaxəli tədbirlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Bütövlükdə, hesabat dövründə həyata keçirilən islahatların Azərbaycanın güclü, dayanıqlı və hüquqa əsaslanan dövlət kimi mövqeyini daha da möhkəmləndirdiyi vurğulanıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə