“Azərbaycan bu gün inkişaf edir və sülh prosesində liderlik nümayiş etdirir” - Ceyhun Bayramov
“Bu gün Azərbaycan inkişaf edir və biz artıq sülh prosesi haqqında danışırıq”.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Bakıda “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında səsləndirib.
Nazir qeyd edib ki, Azərbaycan öz hüquqlarını və torpaqlarını bərpa edərkən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu qətiyyətli addımlar atıb: “Bütün dünya gördü ki, sülh prosesində də liderlik və təşəbbüslər məhz Azərbaycan tərəfindən irəli sürülüb. Bu istiqamətdə ciddi addımlar atılır və artıq böyük nəticələr göz önündədir”.
C.Bayramov vurğulayıb ki, tarix unudulmamalıdır: “Bugünkü ildönümü bu baxımdan xüsusi önəm daşıyır. Azərbaycan xalqı hər zaman olduğu kimi şəhidlərini ehtiramla yad edir”.
Nazir Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna (WUF13) Ermənistanın dəvət olunması ilə bağlı hazırda məlumat olmadığını bildirib. O, həmçinin AZAL-a məxsus təyyarənin vurulması məsələsində Azərbaycanın mövqeyinin tam qətiyyətli olduğunu diqqətə çatdırıb.
Qarabağda gedən bərpa-quruculuq işlərinə toxunan nazir deyib ki, bu günün reallığı artıq bölgəyə həyatın qayıtmasıdır: “Son beş ildə Azərbaycan xalqı Xocalı soyqırımını və onun qurbanlarını anmaqla yanaşı, eyni zamanda əzəli torpaqlarının işğaldan azad edilməsini də xatırlayır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Qarabağa həyat qayıdır”.
Nazir bildirib ki, Xocalıdan əvvəl də bir çox yaşayış məntəqələrində oxşar qətliamlar törədilib: “Bu, etnik nifrət zəminində həyata keçirilən düşünülmüş siyasətin tərkib hissəsi idi. Xocalı soyqırımı isə miqyasına görə Azərbaycan tarixində ən böyük faciə hesab olunur. Həmin hadisənin qurbanları tamamilə günahsız mülki şəxslər – qadınlar, uşaqlar və qocalar idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB