Azərbaycan səfiri etimadnaməsini Sinqapur Prezidentinə təqdim edib

Azərbaycanın iqamətgahı Cakarta şəhərində olmaqla Sinqapur Respublikasındakı səfiri Ramil Rzayev etimadnaməsini Sinqapur Prezidenti Tarman Şanmuqaratnama təqdim edib.

Səfirlikdən SİA-ya bildiriblər ki, İstana Prezident Sarayında baş tutan mərasimdən sonra keçirilən görüşdə səfir Ramil Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Sinqapurun dövlət başçısına çatdırıb.

Prezident Tarman Şanmuqaratnam öz növbəsində səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə iki ölkə arasında siyasi dialoq, iqtisadi-ticari əməkdaşlıq, investisiya, enerji, nəqliyyat, rəqəmsal inkişaf, turizm və digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.

Səfir Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə ətraflı məlumat verib.

Görüşün fotolarını Sinqapurun Rəqəmsal İnkişaf və İnformasiya Nazirliyi təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə