“Donald Tramp İlham Əliyevin sülhə verdiyi töhfəni yüksək qiymətləndirdi“ - DEPUTAT DANIŞDI

“Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirilmişdir”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə tədbirdə iştirak etmişdir:

”ABŞ Prezidenti yüksək səviyyəli çıxışında, keçən ilin avqust ayında Vaşinqtonda keçirilən üçlü zirvədə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişi və birgə bəyanatı yüksək qiymətləndirmiş, Prezident İlham Əliyevin diplomatik fəaliyyətinə dair çox müsbət fikirlər səsləndirmişdir.

44 günlük Vətən müharibəsindən sonra bölgədə dayanıqlı sülhün təmin olunması Prezident İlham Əliyevin prioritet siyasət istiqamətlərindən biri olmuşdur. İşğal altında olan torpaqlarımızın azad olunmasından dərhal sonra Azərbaycan rəhbərliyi Ermənistan tərəfinə sülh və barış mesajları göndərmiş, dövlətlərarası münasibətlərin normallaşması və sülh sazişlərinin imzalanması istiqamətində fəal rol oynamışdır. Sazişlərin hazırlanması prosesi birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir. Beynəlxalq ictimaiyyət və dövlətlər bu təşəbbüsü yüksək qiymətləndirmişdir.

Fevralın 19-da keçirilən Sülh Şurası iclasında ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevin qlobal sülhə verdiyi töhfələri xüsusi vurğulamışdır. ABŞ Prezidenti həmçinin Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyanla tədbir çərçivəsində görüşünü və əlsıxmasını yüksək dəyərləndirmişdir. Bu diqqət, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik prosesindəki mühüm rolunu nümayiş etdirməklə yanaşı, Prezident İlham Əliyevin dünya və bölgədə uğurlu və uzaqgörən diplomatik fəaliyyətinə verilən etimadın göstəricisidir.

Bu diplomatik uğurlar, eyni zamanda, regionda və beynəlxalq səviyyədə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına dair etibarı gücləndirir. ABŞ-ın moderatorluğu bölgədə sülhün təminatçısı funksiyasını yerinə yetirir və eyni zamanda Azərbaycanın strateji üstünlüklərinin qorunmasına xidmət edir. Gələcəkdə bu təşəbbüslər sülh və əməkdaşlıq istiqamətində daha geniş regional və beynəlxalq layihələrin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Prezident İlham Əliyevin bu səfəri, həmçinin, Azərbaycanın beynəlxalq arenada sülh, stabillik və əməkdaşlığa verdiyi önəmi aydın şəkildə göstərir. Dövlət başçısının diplomatik fəaliyyəti yalnız regionda deyil, qlobal səviyyədə də Azərbaycan dövlətinin söz sahibi olduğunu nümayiş etdirir. Vaşinqton görüşü Prezident İlham Əliyevin strateji diplomatiyasının, uzaqgörən xarici siyasətinin və ölkəmizin beynəlxalq nüfuzunun güclü ifadəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan dünya ictimaiyyətinə göstərir ki, diplomatiya yalnız sözlə deyil, əməl ilə də həyata keçirilir. Dövlət rəhbərliyi bütün səylərini konkret nəticələrə yönəldərək regionda və qlobal səviyyədə sülh, əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində nümunəvi fəaliyyət nümayiş etdirir.

Prezident İlham Əliyevin Vaşinqtona səfəri və ABŞ Prezidenti Donald Trampla bir neçə dəfə görüşməsi Azərbaycan diplomatiyasının uğurunun, ölkəmizin beynəlxalq sülh proseslərinə və qlobal təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin aydın göstəricisidir. Bu səylər, həm regionda, həm də beynəlxalq miqyasda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülhün möhkəmlənməsinə və qlobal əməkdaşlıq təşəbbüslərinin uğurla həyata keçirilməsinə imkan yaradır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə