"Prezident İlham Əliyev balanslı xarici siyasət aparır" - ŞƏRH

"Azərbaycan Prezidentinin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sülh Şurasına dəvət olunması ölkəmizin artan beynəlxalq nüfuzunun bariz göstəricisidir. Bu dəvət Azərbaycanın artıq qlobal siyasi məkanda fəal və təsirli aktora çevrildiyini nümayiş etdirir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı geosiyasi iradə mərkəzlərindən biridir: " Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və çoxşaxəli xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə öz imicini, nüfuzunu və təsir imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib.

Hazırda Azərbaycanın xarici siyasəti çoxvektorlu xarakter daşıyır və bu siyasətin əsas prioriteti dünyanın müxtəlif istiqamətləri üzrə bərabərhüquqlu, qarşılıqlı faydalı və tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasıdır. Azərbaycan Çinlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir, Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində strateji əməkdaşlıq edir. Şərqi Avropa ölkələri Azərbaycanı etibarlı və cəlbedici tərəfdaş kimi qiymətləndirir. Eyni zamanda, Azərbaycan ABŞ ilə də strateji münasibətlər qurub və bu əlaqələr müxtəlif sahələr üzrə inkişaf etməkdədir. Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında formalaşmış yüksək səviyyəli münasibətlər dövlətlərarası əlaqələrin inkişafına müsbət təsir göstərir və bu, gələcək perspektivdə Azərbaycan-ABŞ münasibətlərinin daha da genişlənəcəyini göstərir.

Sülh Şurasına dəvət, eyni zamanda, Azərbaycanın qlobal problemlərin həllində artan roluna verilən qiymətin ifadəsidir. Xüsusilə Yaxın Şərqdə, o cümlədən Qəzza böhranı kimi mürəkkəb məsələlərin nizamlanması prosesində Azərbaycanın mövqeyinə və vasitəçilik potensialına diqqət artır. Bütün bunlar göstərir ki, Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal səviyyədə söz sahibi olan dövlətə çevrilib. Bu uğurlar dost ölkələr tərəfindən müsbət qarşılanır, rəqiblər tərəfindən isə diqqətlə izlənilir. Azərbaycan öz strateji xəttinə sadiq qalaraq milli maraqlarını qorumağa və beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirməyə davam edir. Sülh Şurasında iştirak da Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə