"Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən geniş və strateji tranzit marşrutudur" - ŞƏRH EDİLDİ
"Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən geniş və strateji tranzit marşrutudur. Bu xətt Şərq-Qərb ticarət əlaqələrinin daha sürətli və səmərəli şəkildə qurulmasına imkan yaradır. Eyni zamanda, TRIPP layihəsi ABŞ-ın iştirakı ilə Azərbaycan–Ermənistan sülh prosesinin mühüm elementlərindən birinə çevrilmiş nəqliyyat-kommunikasiya təşəbbüsüdür". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
Onun sözlərinə görə, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması 2020-ci il 10 tarixli üçtərəfli Bəyanatda da öz əksini tapmışdı: "Bu baxımdan sözügedən layihələr müharibədən sonra regionda əlaqələrin normallaşdırılması və iqtisadi münasibətlərin tənzimlənməsi üçün praktik vasitə kimi çıxış edir. Nəqliyyat xətlərinin açılması ölkələrarası iqtisadi əlaqələri genişləndirir, yeni investisiya imkanları yaradır. İqtisadi qazanc isə sülhün möhkəmlənməsində əsas amillərdən biridir. Tarixi təcrübə göstərir ki, iqtisadi baxımdan bir-biri ilə sıx bağlı olan ölkələr üçün uzunmüddətli konfliktlər daha baha başa gəlir və qarşılıqlı əməkdaşlıq daha faydalı olur. Bu mənada iqtisadi layihələr sülhün davamlılığını artıran mexanizm kimi çıxış edir.
Sözügedən dəhliz və layihələr yalnız region ölkələri üçün deyil, qlobal miqyasda da əhəmiyyətlidir. Onlar ticarət həcminin artmasına, investisiyaların və infrastrukturun genişlənməsinə, alternativ tranzit marşrutlarının formalaşmasına real töhfə verə bilər. Geosiyasi baxımdan isə bu təşəbbüslər Cənubi Qafqazda güc balansına təsir göstərir. ABŞ TRIPP layihəsi vasitəsilə regiondakı aktivliyinin artması onun siyasi və iqtisadi təsir imkanlarını genişləndirə bilər. Bu, uzun müddət Cənubi Qafqazda Rusiyanın təsir dairəsinin müəyyən qədər zəifləməsi anlamına gələ bilər.
Orta Dəhliz Avropa üçün Asiyaya daha səmərəli çıxış imkanı yaradır və enerji-ticarət diversifikasiyasına töhfə verir. Çin üçün isə bu marşrut “Bir kəmər, bir yol” təşəbbüsünü tamamlayan alternativ istiqamət kimi əhəmiyyət daşıyır. Beləliklə, Orta Dəhliz həm də Rusiya–İran–Çin xəttinə qarşı müəyyən balans formalaşdıran geoiqtisadi platformaya çevrilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB