"Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi qlobal mərkəzə çevrilib" - ŞƏRH
"Artıq Azərbaycan Respublikası dünya miqyasında əhəmiyyət kəsb edən bir çox beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzə çevrilib. Bu, sözün əsl mənasında Azərbaycanın regional deyil, qlobal siyasi mərkəzlərdən biri kimi formalaşdığını göstərir. Hazırda ölkəmizdə müxtəlif istiqamətlər üzrə, fərqli sahələri əhatə edən və ümumbəşəri mahiyyət daşıyan tədbirlər yüksək səviyyədə təşkil olunur".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputati Azər Allahverənov deyib.

Onun sözlərinə görə, bu fakt bir tərəfdən Azərbaycanın belə tədbirlərə ev sahibliyi etmək potensialını ortaya qoyur, digər tərəfdən isə ölkənin təşkilatçılıq qabiliyyətinin və idarəetmə səviyyəsinin yüksək olduğunu nümayiş etdirir: "Beynəlxalq praktikada “hostinq”, yəni ev sahibliyi məsələsi son dərəcə önəmlidir. Çünki bu, təkcə tədbirin keçirilməsi deyil, eyni zamanda dövlətin siyasi, iqtisadi və institusional imkanlarının təqdimatıdır.
Bu cür tədbirlərə ev sahibliyi etməklə Azərbaycan həm öz potensialını nümayiş etdirir, həm də ümumbəşəri dəyərlərə, beynəlxalq əməkdaşlığa və çoxtərəfli dialoqa sadiqliyini bir daha sübut edir. Azərbaycanda keçirilən hər bir beynəlxalq tədbirin konkret məqsəd və vəzifələri olur və bu məqsədlər yüksək səviyyədə təmin edilir. Bu isə təsadüfi deyil. Burada həm ev sahibi ölkənin məsuliyyətli yanaşması, həm də tədbir iştirakçıları üçün yaradılan əlverişli və işgüzar mühit əsas rol oynayır.
Məlumdur ki, beynəlxalq tədbirlər zamanı qəbul olunan qərarlar təkcə müzakirələrin məzmunu ilə deyil, eyni zamanda həmin tədbirin keçirildiyi ölkədə mövcud olan ümumi siyasi, iqtisadi və sosial mühitlə də birbaşa bağlı olur. İştirakçılar ev sahibi ölkədəki sabitliyi, təşkilati səviyyəni və yanaşmanı dəyərləndirərək qərarlarını formalaşdırırlar. Bunun bariz nümunəsini COP-29 tədbirində gördük. COP-29 çərçivəsində son dərəcə həssas və mürəkkəb hədəflər müəyyən edilmişdi. Uzun illər ərzində COP formatında razılaşdırılması mümkün olmayan bir sıra məsələlər üzrə məhz COP-29-da ümumi razılıq əldə olundu. Bu razılaşmaların formalaşmasında müxtəlif ölkə rəhbərlərinin və nümayəndələrinin mövqeləri ilə yanaşı, Azərbaycanın yaratdığı şərait və vasitəçilik rolu da həlledici oldu. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyətdə belə bir fikir formalaşdı: Azərbaycan COP tarixində mühüm və tarixi bir mərhələyə ev sahibliyi etməklə adını bu prosesin yaddaşına qızıl hərflərlə yazdırdı.
Sonradan COP-30-un Braziliyada keçirilməsi zamanı təşkilati məsələlərlə bağlı səsləndirilən bəzi mənfi rəylər də məhz COP-29-la aparılan müqayisələrdən irəli gəlirdi. COP-29-da iştirak etmiş şəxslər Braziliyadakı şəraiti gördükdə, Azərbaycanın yaratdığı mühitlə müqayisə apararaq kifayət qədər tənqidi mövqe ortaya qoymuşdular.
COP-29-la yanaşı, Avroviziya Mahnı Müsabiqəsi, Birinci və İkinci Avropa Oyunları, eləcə də idman, ətraf mühit, sivilizasiyalararası dialoq, dini konfessiyalar və qurumlar arasında dialoq formatında keçirilən tədbirlər Azərbaycanın bu sahədə qazandığı zəngin təcrübənin bariz göstəricisidir".
Deputat sözlərinə belə davam edib: "Ekoloji ətraf mühit sahəsində, sivilizasiyalararası dialoq müstəvisində, dini konfessiyalar və qurumlar arasında dialoqun təşkili, yəni konfessiyalararası, dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası formatda görüşlərin və forumların keçirilməsi artıq onu göstərir ki, Azərbaycan bu sahədə lokomotiv rolunu oynayır və beynəlxalq miqyasda flaqman dövlət kimi çıxış edir.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə media forumlarının keçirilməsi, əməkdaşlığı təşviq edən biznes forumlarının təşkili, Türkdövlətlər Təşkilatı çərçivəsində zirvə toplantılarının məhz Azərbaycanda baş tutması onu deməyə əsas verir ki, ölkəmiz müstəqillik dövründə olduqca zəngin təcrübə qazanıb. Azərbaycan bu təcrübəni ildən-ilə artırmaqla yanaşı, yeni hədəflər müəyyən edir və beynəlxalq münasibətlər sistemində bir çox dövlətlərin çata bilmədiyi səviyyədə təmsil olunaraq lokomotiv ölkələr sırasında öz mövqeyini möhkəmləndirib. Qarşıdan Ümumdünya Şəhərsalma Forumu gəlir. Forum may ayının 17-22 tarixləri arasında keçiriləcək. Əminəm ki, bu tədbir yüksək səviyyədə təşkil olunacaq, qarşıya qoyulan hədəflərə nail olunacaq və mühüm strateji qərarların formalaşmasına ciddi töhfə verəcək. Çünki burada qəbul ediləcək qərarlar təkcə regional deyil, eyni zamanda bəşəri və planetar əhəmiyyət daşıyır.
Bu baxımdan artıq dünyanın mötəbər siyasi və beynəlxalq dairələrinin Azərbaycana baxışı və qiymətləndirməsi xeyli dəyişib və daha obyektiv xarakter alıb. Azərbaycan bu cür beynəlxalq tədbirlərin təşkilində həm nəzəri, həm praktiki, həm də elmi baxımdan uğurlu siyasət həyata keçirir. Bu siyasət ölkəmizin artan beynəlxalq nüfuzunu nümayiş etdirməklə yanaşı, onu daha da möhkəmləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB