“Azərbaycan–Türkiyə müttəfiqliyi regional təhlükəsizliyi gücləndirir“ - ŞƏRH OLUNDU
“Azərbaycan və Türkiyə rəsmi səviyyədə müttəfiq ölkələrdir və tərəflər arasında mütəmadi olaraq müxtəlif formatlarda görüşlər keçirilir, eyni zamanda telefon danışıqları baş tutur”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, Ceyhun Bayramov ilə Hakan Fidan arasında baş tutan telefon danışığı tamamilə təbii və gözlənilən haldır:
“Bununla yanaşı, tərəflərin son dövrlərdə regionda baş verən proseslərə dair mövqeləri nəzərə alındıqda, belə məsləhətləşmələrə ehtiyacın yarandığını da görürük. Xüsusilə İran ətrafında müşahidə olunan gərginlik həm Türkiyə, həm də Azərbaycan üçün ciddi narahatlıq doğurur. İran ətrafında mümkün müdaxilə ssenariləri fonunda yaranacaq iqtisadi miqrasiya dalğası həm Türkiyə, həm də Azərbaycanın sərhəd təhlükəsizliyi baxımından böyük risklər yarada bilər.
Bu mənada tərəflər arasında fikir mübadiləsinin aparılması, mümkün ortaq addımların müəyyənləşdirilməsi və mövcud fərqli baxışların ümumiləşdirilməsi məsələlərinin müzakirə edildiyini demək olar. Həm Azərbaycan, həm də Türkiyənin İrana qarşı hərbi müdaxilədə maraqlı olmadığı açıq şəkildə görünür. Xüsusilə Türkiyənin ABŞ-la müttəfiqlik münasibətlərini nəzərə alsaq, Bakı və Ankaranın Vaşinqtonu İrana mümkün müdaxilədən çəkindirmək məqsədilə müəyyən təkliflər və ya ortaq mövqelər ortaya qoyması ehtimalı da istisna edilmir.
Bununla yanaşı, Ermənistanla münasibətlərin normallaşması prosesi, regionda siyasi sabitliyin möhkəmləndirilməsi və eyni zamanda Türkiyə–Ermənistan münasibətlərində normallaşmanın davam etdirilməsi məsələləri də tərəflər arasında müzakirə olunan əsas mövzulardan biri ola bilər.
Eyni zamanda informasiya məkanında həm Türkiyəyə, həm də Azərbaycana qarşı yönəlmiş dezinformasiyaların qarşısının alınması, bu istiqamətdə koordinasiyalı və effektiv addımların atılması məsələlərinin də tərəflər arasında müzakirə edildiyi ehtimal olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB