“ “Sülh Qalxanı-2026” təlimi ordunun beynəlxalq döyüş təcrübəsini gücləndirir” - ŞƏRH EDİLDİ

"Azərbaycan Ordusunun Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimində iştirakı ölkəmizin hərbi-strateji xəttinin məntiqi davamıdır. Bu cür beynəlxalq təlimlər, ilk növbədə, şəxsi heyətin müasir döyüş şəraitində antiterror əməliyyatları üzrə praktiki bacarıqlarının artırılmasına xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, müasir müharibə və təhlükəsizlik çağırışları fonunda orduların yalnız milli deyil, həm də beynəlxalq təcrübə üzərində formalaşması zərurətə çevrilib: "Təlimin əsas məqsədlərindən biri müxtəlif ölkələrin hərbi kontingentləri arasında koordinasiyanın gücləndirilməsi, qarşılıqlı fəaliyyət imkanlarının sınaqdan keçirilməsi və real əməliyyat ssenariləri əsasında təcrübə mübadiləsinin aparılmasıdır. Azərbaycan Ordusunun bu prosesdə iştirakı, xüsusilə antiterror və qeyri-ənənəvi təhlükələrlə mübarizə sahəsində əldə etdiyi təcrübənin daha da zənginləşdirilməsinə şərait yaradır. Digər mühüm məqam ondan ibarətdir ki, bu tip təlimlər Azərbaycanın regional və beynəlxalq təhlükəsizlik sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycan artıq təkcə regionda deyil, daha geniş coğrafiyada təhlükəsizliyə töhfə verən, peşəkar və müasir orduya malik ölkə kimi tanınır. Bu isə hərbi diplomatiyanın mühüm elementidir. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri kimi strateji tərəfdaş ölkə ilə birgə keçirilən təlimlər ikitərəfli hərbi əməkdaşlığın dərinləşdiyini göstərir. Bu əməkdaşlıq yalnız taktiki səviyyədə deyil, həm də hərbi planlaşdırma, komanda-idarəetmə və müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir.

Ümumilikdə, “Sülh Qalxanı – 2026” təlimində iştirak Azərbaycan Ordusunun daim inkişaf edən, çevik və çağdaş təhlükəsizlik mühitinə uyğunlaşan bir qurum olduğunu bir daha nümayiş etdirir. Bu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə yanaşı, davamlı sülhə və beynəlxalq təhlükəsizliyə verilən real töhfə kimi də dəyərləndirilməlidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə